Təhsilin keyfiyyətinin yüksəldilməsinin diqqətdə saxlanıldığı muxtar respublikada istedadlı şagirdlərlə aparılan iş sahəsində də mühüm tədbirlər, o cümlədən respublika fənn olimpiadaları keçirilir.
Fənn olimpiadalarının keçirilməsində əsas məqsəd şagirdlərdə keyfiyyətli təhsil alma, biliklərə marağı artırmaq və özünə inam hislərini gücləndirmək, ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənənləri aşkar etməklə onların potensial imkanlarının inkişafını təşkil etməkdən ibarətdir.
Yanvarın 12-də məktəblilərin respublika fənn olimpiadasının şəhər və rayon mərhələsi keçirilmişdir. 781 şagirdin iştirak etdiyi bilik yarışında şagirdlər 8 fənn üzrə öz bilik və bacarıqlarını nümayiş etdirmişlər.
Olimpiadaya aid sual kitabçaları Azərbaycan Respublikası Təhsil Nazirliyindən alınaraq muxtar respublikaya gətirilmişdir. Olimpiadalar Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin nəzarəti altında həyata keçirilmişdir.
Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix və coğrafiya fənləri üzrə keçirilən həmin olimpiadada ümumtəhsil məktəblərinin IX, X və XI sinif şagirdləri biliklərini sınamışlar. Şagirdlərə hər fənn üzrə fənn kurikulumuna uyğun olaraq qapalı test formasında hazırlanmış 25 sual təqdim olunmuşdur. Olimpiada saat 10-da başlamış və test tapşırıqlarını cavablandırmaq üçün şagirdlərə üç saat vaxt verilmişdir.
Şəhər və rayon mərhələsinin nəticələrinə əsasən hər fənn üzrə hər sinifdən ən yüksək nəticə toplayan şagirdlər yarımfinal turuna vəsiqə qazanacaqdır.
Qeyd edək, ötən tədris ilində keçirilən respublika fənn olimpiadasında muxtar respublika məktəblilərindən 2 nəfəri I, 6 nəfəri II, 17 nəfəri III yeri tutmuşdur.