20 Yanvar faciəsinin 30-cu il dönümü ilə əlaqədar Naxçıvan Şəhər Təhsil Şöbəsi tərəfindən ümumtəhsil məktəblərində açıq dərslər, tədbir və sərgilər təşkil olunur. 15 yanvar 2020-ci il tarixdə Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbdə Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşlarının və məktəbin müəllim-şagird heyətinin iştirakı ilə “20 Yanvar-Şərəf və Qürur Günümüz!” adlı tədbir keçirilmişdir.
Tədbirdə Naxçıvan Şəhər Təhsil Şöbəsinin baş məsləhətçisi Gülxanım Orucova, metodkabinet müdiri Sabir Məmmədov, metodist Təhminə İbrahimova məktəbin direktoru Famil Abdullayev və məktəbin tarix müəllimləri Rzayev Rəhman, Talıbov Səməd, Əliyeva Günel dəyirmi masa ətrafında 20 Yanvar həqiqətləri haqqında çıxışlar edib. Tədbirdə çıxış edənlər bildirib ki, 20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, xalqımızın azadlıq istəyinin oyanış günüdür. Bu il xalqımız 20 Yanvar hadisələrinin 30-cu ildönümünü qeyd edir, igid övladlarının fədakarlığını məhəbbətlə xatırlayır, onların əziz xatirəsini böyük ehtiramla yad edir. 20 Yanvar Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur. Həmin günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalmışlar.
Məktəbin şagirdləri tərəfindən səsləndirilən 20 Yanvar faciəsi ilə bağlı şeir və bayatılar dinlənilmiş və şagirdlərin çəkdiyi rəsmlərdən ibarət sərgiyə baxış keçirilmişdir.