20 Yanvar faciəsi baş verəndə mən dünyaya gəlməmişdim. Amma xalqımızın unutmadığı bu tarix biz şagirdlərin yaddaşından silinmir və silinməyəcək. Hər il məktəbizimdə həmin günün bir saatı 20 Yanvar faciəsinə həsr olunur. Və bu günün tarixi bizə izah olunur. Bu gün xalqımızın qəhrəmanlıq dastanı kimi qürur günümüzdür. Ulu öndər Heydər babanın qəzetdən oxuduğum bu sitatını olduğu kimi qeyd edirəm: “20 Yanvar gününü xatırlayarkən hər birimiz eyni zamanda böyük iftixar hissi keçiririk. Çünki xalqımız həmin təcavüz qarşısında özünün əyilməzliyini, sarsılmazlığını bütün dünyaya sübut etdi. Şəhidi olan xalq qəhrəman xalqdır. Biz şəhidlərimizin qəm-qüssəsini çəkirik, ancaq onların şəhidliyə getməsi ilə fəxr edirik. Çünki onlar Vətən, ana torpaq, millət, Azərbaycan yolunda həlak olublar”.
Tarix kitablarından oxuyuram və bu yazılanları yaddaşıma həkk edirəm: 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusu tərəfindən Bakıda dinc əhaliyə qarşı qırğın törədildi. SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli, ermənipərəst siyasətinə, əzəli torpaqlarımıza iddia edən Ermənistanın təcavüzkar siyasətinin açıq-aşkar dəstəklənməsinə və respublikanın o zamankı rəhbərliyinin xəyanətkar mövqeyinə etiraz əlaməti olaraq ayağa qalxmış geniş xalq kütlələrinə qarşı sovet ordusunun iri hərbi birləşmələrinin yeridilməsi Bakıda misli görünməmiş faciəyə səbəb oldu. Doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Faciə zamanı 147 Azərbaycan vətəndaşı şəhid olmuş, 744 nəfər yaralanmış və xəsarət almışdır.
Xalqın müstəqillik arzusunu boğmaq məqsədilə törədilən bu cinayətə ilk dəfə ümummilli liderimiz Heydər Əliyev öz etirazını bildirmişdir. Bakıdakı 20 Yanvar hadisələrindən sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn ümummilli liderimiz keçirdiyi mətbuat konfransında bu vəhşiliyi və onu törədənləri kəskin ittiham etmiş, əliyalın xalqa qarşı törədilən terroru hüquqa, demokratiyaya və insanlığa zidd aksiya kimi pisləmişdir.
Bəli, 147 vətəndaşımın şəhid olduğu gün. Onlar ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları… Canlarından keçərək şəhidlik zirvəsinə ucalanlar… Onlar heç zaman unudulmayacaq. Çünki onlar Azərbaycan üçün polad körpüdür, həm də əyilməyən, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü qədər ağır bir yükü dünənimizdən bu günümüzə ötürən qəhrəmanlıq körpüsü. Bu körpü, bu yol biz şagirdlər üçün örnəkdir, nümunədir.
Hər il valideynlərimiz bizi Naxçıvan şəhərindəki Şəhidlər Xiyabanına aparır, şəhidlərin əziz xatirəsini ehtiramla yad edirik. Xiyabana müqəddəs ziyarətgah kimi baxırıq. Qardaşım və mən şəhid məzarları önündə müqəddəs torpaqlarımızı azad etməyə hazır olduğumuza and içirik. Biz məğlubedilməzlik ruhu ilə səngərlərdə Vətənimizi qorumağa daim hazırıq.
Biz şagirdlər qürurluyuq. Çünki dövlətimiz azad və müstəqildir. Biz yaxşı oxumaqla, Vətənimizə layiqli gənclər kimi yetişməklə dövlətimizi daha da ucalara qaldıracağıq. Biz gənclər azadlıq fədailərini heç bir zaman unutmayacaq, qəlbimizdə yaşadacağıq.
Boy verir ürəkdə hünər nəğməsi,
Nəsillər dinləyir bu məğrur səsi.
Şəhidlər – Vətənin qələbə rəmzi,
Şəhid oğulları Vətən yaşadır!
Ceyran DADAŞOVA,
Naxçıvan şəhər 12 nömrəli tam
orta məktəbin VII sinif şagirdi