Azərbaycan rəssamlığının, boyakarlığının zirvəsində dayanan əvəzsiz sənətkar Bəhruz Kəngərli öz fəaliyyəti ilə xalqımızın ictimai, siyasi, mədəni həyatında mühüm xidmətlər göstərmiş, heç bir zaman unudulmamış, xatirəsi həmişə əziz tutulmuşdur. Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində realist rəssam Bəhruz Kəngərlinin anadan olmasının 128-ci ildönümü münasibətilə yanvarın 21 də məktəbdənkənar müəssisələrin “Rəsm” dərnəyinin üzvləri arasında rəsm müsabiqəsi keçirilib. Müsabiqəni giriş sözü ilə açan Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin direktoru Murad Babayev 1892-ci il yanvarın 22-də Naxçıvanda öz dövrünün qabaqcıl ziyalılarından sayılan Şirəli bəy Kəngərlinin ailəsində dünyaya göz açan görkəmli rəssamın həyat və yaradıcılığından söhbət açıb.
Qeyd edib ki, Azərbaycan incəsənətinin tarixində özünəməxsus xidmətləri ilə yaşayan, istedadlı fırça ustası, Azərbaycan milli rəsm sənətinin tanınmış simalarından olan Bəhruz Kəngərlinin anadan olmasından 128 il keçir. Cəmi 30 illik ömründə əbədiyaşar əsərlərə həyat verən, incəsənət tariximizin unudulmayan nümayəndəsinə çevrilən Bəhruz Kəngərli zəngin irs qoyub, yeddi il yaradıcılıq fəaliyyəti ilə məşğul olsa da, 2 minə qədər rəsm əsəri yaradıb. O, realist portret və mənzərə rəsm yaradıcılığının, eləcə də Azərbaycan boyakarlığında realizmin əsasını qoymaqla Azərbaycan bədii sənət xəzinəsinə dəyərli nümunələr bəxş edib, onu yeni ictimai məzmun və janr, yeni təsvir metodu və ifadə vasitələri ilə zənginləşdirib. Diqqətə çatdırıb ki, dövrünün reallıqlarını əsərlərində böyük şövqlə təsvir edən Bəhruz Kəngərli xalqımız qarşısında mühüm xidmətlər göstərib. O, xalqımızın tarixi keçmişini və dövrün ictimai-siyasi hadisələrini yaradıcılığında dolğun əks etdirən bir sənətkar kimi yüksək qiymətə layiqdir. Müsabiqənin yeniyetmə və gənclərin yaradıcılıq potensialının daha da inkişaf etdirilməsinə yaxşı stimul verməklə yanaşı, məktəblilər üçün gözəl bir başlanğıc olduğunu, həmçinin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinin yüksəldilməsi, mədəniyyət və incəsənətimizin inkişafı və təbliği məqsədi daşıdığı da qeyd olunmuşdur. Rəsm müsabiqəsində məktəbdənkənar tərbiyə müəssisələrinin bütün yaş qruplarından olan dərnək üzvləri iştirak edib.
Müsabiqəyə 3 saat vaxt ayrılıb. Bu vaxt ərzində şagirdlər təsviri sənət janrına müraciət etməklə, rəssamın sənət dünyasını, əsərlərinin zənginliyini, müxtəlif predmetli stilini təsvir ediblər. Mövzu üzrə rəsmlər A3+ ölçüdə kağız kətan üzərində sərbəst texnika ilə (karandaş, flomaster, diyircəkli və rəngli qələm, tuş, kömür, qrafit, pastel, quaş, akril, yağlı boya və s.) işlənib. Müsabiqənin gedişində Bəhruz Kəngərlinin həyat və yaradıcılığı haqqında film nümayiş olunub. Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla mövzunu əhatə edən düzgün kompozisiya rəng seçimi, ən yaxşı işıq və kölgə həlli əsas götürülərək 1-I yer, 2-II yer, 3-III yer, 6-həvəsləndirici yer olmaqla 12 yer müəyyənləşdirilib.
Yekunda qaliblər diplomlarla mükafatlandırıb və sərgiyə baxış olub