21 yanvar 2020-ci il tarixdə Kəngərli Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Akademik Zərifə Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbində “Oxunması zəruri olan kitablar”la bağlı viktorinanın rayon mərhələsi keçirilib. Viktorinanın keçirilməsində məqsəd Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli “Oxunması zəruri olan kitablar haqqında” Sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək, tariximiz, mədəniyyətimiz və milli kimliyimiz haqqında şagirdlərə dolğun məlumat vermək, gənc nəslin həyat yolunun müəyyənləşdirilməsi və dünyagörüşünün artırılmasından ibarətdir.
Tədbirdə rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Şəfəq Camallı gənc nəsildə vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın formalaşdırılmasına xidmət edən “Oxunması zəruri olan kitablar haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il avqustun 28-də imzaladığı Sərəncamın mahiyyəti barədə məlumat verib. Vurğulanıb ki, məqsədyönlü maarifləndirməyə xidmət edən bu mühüm sərəncam düzgün mütaliə seçiminin əsasını qoymaqla doğma diyarımızı mütaliəsevərlər – ziyalılar məskəninə çevirən, uzaq gələcəyə hədəflənmiş bir addımdır. Bildirilib ki, mütaliə insanın daxili aləminin zənginləşdirilməsində, dünyagörüşünün formalaşdırılmasında, nitq qabiliyyətinin inkişaf etdirilməsində mühüm əhəmiyyət daşımaqla yanaşı, həm də müsbət insani və iradi keyfiyyətlərin yaradılmasında böyük rol oynayır. İştirakçılar müsabiqənin şərtləri ilə tanış edildikdən sonra yarışa start verilib. 3 yarımfinal və 1 final mərhələsindən ibarət olan viktorinada hər mərhələdə komandalara 20 sual təqdim olunub və sualların cavablandırılması üçün 1 dəqiqə vaxt verilib. Qeyd edək ki, suallar “Oxunması zəruri olan kitablar Siyahısı”na daxil edilən Ernest Miller Heminqueyin “Qoca və dəniz” povestindən, Nəsrəddin Tusinin “Əxlaqi-Nasiri” əsərindən, “İslamda müdrik kəlamlar” və “Atalar sözü” kitablarından tərtib olunub. Viktorinada 11 ümumtəhsil məktəbi üzrə 44 məktəbli iştirak edib. Viktorinanın yekun nəticələrinə əsasən, Qarabağlar kənd 2 nömrəli tam orta məktəbin “Lider” komandası I, Çalxanqala kənd tam orta məktəbinin “Sərhəd” komandası II, Yurdçu kənd tam orta məktəbinin “Qala” komandası III yerə layiq görülüb.
Viktorinanın qalibləri diplomlarla mükafatlandırılıb.