Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Rəssamlar Birliyinin birgə təşkilatçılığı ilə “Məktəblilərin təsviri və dekorativ-tətbiqi sənət müsabiqəsi” keçirilir.
Azərbaycanda dekorativ-tətbiqi sənət qədim tarixə malikdir. Yurdumuzun zəngin təbiəti və gözəllikləri müxtəlif sənət növlərinin inkişafı üçün əlverişli şərait yaratmışdır. Ulu babalarımız hələ keçmiş zamanlarda təbiətdə mövcud olan ən adi şeylərdən: qamışdan, ağacdan, daşdan, gildən, heyvan sümüyü, dərisi və yunundan məişət ehtiyacları üçün əhəmiyyətli əşyalar düzəltmiş, onlardan istifadə etmişlər. Bu sahə qədim dövrlərdən indiyə qədər çox maraqlı, zəngin inkişaf yolu keçərək təkmilləşmişdir.
Təbiqi-dekorativ və təsviri sənət ustalarının müxtəlif zamanlarda yaratdıqları əl işləri tariximizin yaddaşından silinməyən bədii nümunələr kimi əbədi olaraq yaşayır və müasir dövrümüzdə bu sahə ilə məşğul olanlar üçün örnək olur.
Muxtar respublikamızda dekorativ-tətbiqi sənətin dulusçuluq, ağac və şüşə məmulatlar istehsalı, daş, ağac və kəc üzərində oyma, bədii metal işləmə, bədii parça və tikmələr, toxuculuq, xalçaçılıq, zərgərlik və digər sahələri inkişaf etməyə başlamışdır.
Bədii yaradıcılığa meyilli olan istedadlı şagirdlərin, həvəskar gənclərin üzə çıxarılması, onlara metodiki tövsiyələrin verilməsi, axtarışlarının və fəaliyyətlərinin düzgün istiqamətləndirilməsi yönümündə bir sıra tədbirlər həyata keçirilir. Təsviri və dekorativ-tətbiqi sənətin inkişafı sahəsində keçiriləcək sərgilər və müsabiqələr bu sahələrin inkişafı baxımından mühüm rol oynayır.
Müsabiqənin keçirilməsində məqsəd məktəblilərin maraq və bacarıqlarının, intellektual səviyyəsi və yaradıcı qabiliyyətlərinin aşkarlanması, ümumtəhsil məktəblərinin müvafiq sahələr üzrə sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsidir.
Müsabiqənin şəhər-rayon mərhələsi 8-24 yanvar tarixlərində muxtar respublikanın bütün şəhər və rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilib. Yanvarın 24-də Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Təhsil Nazirliyinə birbaşa tabe məktəblərin-Heydər Əliyev adına tam orta məktəbin, Naxçıvan Qarnizonu tam orta məktəbin, Naxçıvan Qızlar Liseyinin, Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin şagirdləri və Heydər Əliyev adına Hərbi Liseyin kursantları iştirak etmişdir. Müsabiqədə “Naxçıvan: dünən və bu gün”, “Naxçıvan abidələri”, “Müasir Naxçıvan”, “Naxçıvan Muxtar Respublikası-95” mövzularında 100-ə yaxın əl işləri ilə 70 şagird iştirak etmişdir. İşlər muxtar respublikanın tarixini, müasir dövrünü, milli-mənəvi dəyərlərimizi əks etdirmişdir.
Sonra isə münsiflər heyəti tərəfindən 5 ballıq sistemə uyğun qiymətləndirilmə aparılmış və təsviri sənət müsabiqəsi üzrə 1- I yer, 2- II yer, 3- III yer, 5- həvəsləndirici yer, dekorativ-tətbiqi sənət müsabiqəsi üzrə 1- I yer, 2- II yer, 3- III yer, 5- həvəsləndirici yer olmaqla, ümumilikdə 22 qalib müəyyənləşdirilmişdir. Qaliblərə təşkilatçılar tərəfindən diplomlar təqdim olunmuşdur.