İmtahanlar Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Tovuz, Şəki, Mingəçevir, Zaqatala, Bərdə, Ağcabədi, Göyçay, Şamaxı, İsmayıllı, Füzuli, Sabirabad, Salyan, Kürdəmir, Şirvan, Quba, Xaçmaz, Lənkəran, Cəlilabad, Masallı şəhərlərində təşkil olunacaq.
Sınaq imtahanına qeydiyyatdan keçmək üçün ekabinet.dim.gov.az keçidində “Şəxsi kabinet” yaradılmalıdır (şəxsi kabineti olmayanlar). “Şəxsi kabinet”in “Hesab” bölməsinə imtahanda iştirak üçün nəzərdə tutulan məbləğ (40 AZN) yüklənilir. Hesaba lazımi miqdarda vəsait əlavə etmək üçün müxtəlif ödəniş üsullarından yararlanmaq olar.
Daha sonra DİM-in saytında yerləşdirilən qeydiyyat linki vasitəsilə “Şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etməklə sistemə daxil olub “İmtahana buradan yazılın” düyməsini basmaq lazımdır. Açılan səhifədə imtahan yeri seçilir. Sonra isə şəxsiyyəti təsdiq edən sənədin məlumatları, telefon nömrəsi, imtahan verəcəyiniz bölmə, ixtisas qrupu seçilir və “Qeydə al” düyməsi basılır. Bundan sonra “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərsiniz.
Yazı işlərinin yoxlanılması ilə əlaqədar və iştirakçıların sayından asılı olaraq imtahanın nəticələri ən tezi 2 həftədən sonra elan olunacaq. Abituriyentlərə imtahanda topladıqları ballar 400 ballıq şkala üzrə təqdim olunacaq.
Abituriyentlərin nəzərinə çatdırırıq ki, imtahan binalarına buraxılış yalnız abituriyentin şəxsiyyət vəsiqəsinin əsli və "İmtahana buraxılış vərəqəsi" əsasında həyata keçirilir. Göstərilən sənədlərindən biri olmayan, imtahana şəxsiyyət vəsiqəsinin surəti ilə gələn, başqasının şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçən abituriyentlər imtahana buraxılmır.