Yanvar ayının 27-də Naxçıvan Dövlət Texniki Kollecində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Abituriyent-2020: Buraxılış və qəbul imtahanları, ixtisas seçimi” mövzusunda seminar keçirilib. Abituriyentlərin keçiriləcək imtahanlara psixoloji cəhətdən hazır olmaları, imtahan dövrü nələrə diqqət etmələri ilə bağlı onların məlumatlandırılması məqsədilə keçirilən seminarda Təhsil Nazirliyinə birbaşa tabe müəssisələrin və Təhsil Şöbəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin XI siniflərində təhsil alan 110 şagird iştirak edib.
Seminarda Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Ayşən Əsgərovanın “2020/2021-ci tədris ili üçün bakalavriat səviyyəsi üzrə qəbul planı və 2020-ci ildə keçiriləcək qəbul imtahanının tarixləri”, Naxçıvan Şəhər Təhsil Şöbəsinin baş məsləhətçisi Gülxanım Orucovanın “Buraxılış və qəbul imtahanlarına hazırlıq, ixtisas seçimi zamanı nələrə diqqət etməli”, Naxçıvan şəhər 13 nömrəli tam orta məktəbin psixoloqu Nubar Abdullayevanın “Abituriyentlərə imtahan qabağı psixoloji dəstək” mövzularındakı çıxışları dinlənilib. Qeyd olunmuşdur ki, artıq Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən 2020-ci ildə keçiriləcək ali və orta ixtisas müəssisələrinə qəbul imtahanlarının təqvimi təsdiq olunub. Abituriyentlərlə buraxılış və qəbul imtahanlarına yaxşı hazırlaşmalı, nəticələrə uyğun düzgün ixtisas seçimi etməlidir. Onlar topladıqları bala uyğun ali təhsil müəssisəsini düzgün seçməlidir. Unutmamalıdırlar ki, imtahanqabağı psixoloji hazırlıq, diqqətin toplanması, stressdən azad olmaq yolları, düzgün qurulmuş hazırlıq prosesi və pozitiv düşüncə, əməl edilməli olan qida rasionunun seçilməsi hər bir məzun üçün vacib məqamlardan hesab olunur. Bütün bunlara düzgün və vaxtında əməl etmək isə hər bir abituriyentin uğur qazanmasına səbəb olan başlıca amillərdəndir.
Bildirilmişdir ki, buraxılış və qəbul imtahanlarına hazırlaşmaq üçün əvvəlcə düzgün, sistemli bir hazırlıq proqramına sahib olmaq lazımdır. Əsas olan təkcə dərs oxumaq deyil, nizamlı və faydalı oxumaqdır. İmtahan zamanı vaxtdan səmərəli istifadə etmə abituriyentin imtahanda bildiyi testən başlaması onun stress və həyəcanın azalmasına, diqqətinin daha asanlıqla toplamağına kömək edəcəkdir.
Seminarda abituriyentlərə buraxılış və qəbul imtahan qaydaları ilə bağlı məlumat verilib və onlara imtahan zamanı yol verməsi qadağan olunan hərəkətlər izah edilib.
Seminarın sonunda mövzularla bağlı suallar cavablandırılıb, abituriyentlərə imtahanqabağı əlavə tövsiyyələr verilib.
Seminar digər rayonların abituriyentləri üçün də təşkil olunacaqdır.