Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə imtahanlarda müvəffəqiyyət qazanan gənc müəllimlər yanvarın 28-dən 3 günlük təlim-seminara cəlb edilib.
Seminarda işə yeni təyin olunacaq gənc müəllimlərə müəllim peşəsinin xüsusiyyətləri, etik davranış qaydaları, fənnin tədrisi və məktəb sənədlərinin işlənməsi üsulları, məktəbdaxili qiymətləndirmənin aparılması qaydası, sinif rəhbərinin vəzifələri, pedaqoji şuranın strukturu və hesabatın hazırlanması qaydası, elektron tədris vasitələrindən səmərəli istifadə yolları haqqında məlumat verilir.
Seminara cəlb olunan müəllimlərlə yanvarın 31-də görüş keçiriləcək, onlar fevralın 3-dən etibarən ümumtəhsil məktəblərində pedaqoji fəaliyyətə başlayacaqlar.
Qeyd edək ki, müsabiqə bu ilin yanvar ayında keçirilib. Müsabiqəyə Təhsil Nazirliyi tərəfindən 229 yer çıxarılıb, 9-24 yanvar 2020-ci il tarixlərdə keçirilimiş imtahanlarda 266 namizəd iştirak edib və onlardan 131-i müvafiq keçid balını toplayıb. Onlardan da 66-sı ən yüksək nəticə göstərdiyindən ümumtəhsil məktəblərində ixtisasları üzrə tədris aparmaq hüququ əldə ediblər.