Ali təhsil müəssisələrinə qəbul imtahanlarının II mərhələsi üzrə sınaq imtahanına qeydiyyat davam edir.
Dövlət İmtahan Mərkəzindən bildirilib ki, sınaq imtahanına qeydiyyat fevralın 10-u saat 11:00-dək aparılacaq. İştirakçılara 2020-ci ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının II mərhələsinin modelinə uyğun olaraq test tapşırıqları hər qrupda 3 imtahan fənni üzrə təqdim olunacaq.
Abituriyentlər birinci qrupda riyaziyyat, fizika, kimya, ikinci qrupda riyaziyyat, coğrafiya, tarix, üçüncü qrupda Azərbaycan dili, tarix, ədəbiyyat, dördüncü qrupda isə biologiya, kimya, fizika fənlərindən imtahan verəcəklər.
İmtahanlar Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Tovuz, Şəki, Mingəçevir, Zaqatala, Bərdə, Ağcabədi, Göyçay, Şamaxı, İsmayıllı, Füzuli, Sabirabad, Salyan, Kürdəmir, Şirvan, Quba, Xaçmaz, Lənkəran, Cəlilabad, Masallı şəhərlərində təşkil olunacaq.
Abituriyentlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya, mətn və ya mənbə əsasında hazırlanan tapşırıqlardır. Digər açıq formalı tapşırıqlar uzun müddət istifadə olunan və cavabları kodlaşdırıla bilən hesablama, seçim, xronologiya, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır. İmtahanın müddəti 3 saatdır. Yazı tələb olunan açıq tipli tapşırıqların cavabları “cavab vərəqi”ində nəzərdə tutulan müvafiq yerlərdə, digər tapşırıqların cavabları isə “cavab kartı”ında qeyd olunur. İmtahanın sonunda “cavab vərəqləri” və “cavab kartları” şagirdlərdən təhvil alınır.
Sınaq imtahanına qeydiyyatdan keçmək üçün ekabinet.dim.gov.az keçidində “Şəxsi kabinet” yaradılmalıdır (şəxsi kabineti olmayanlar). “Şəxsi kabinet”in “hesab” bölməsinə imtahanda iştirak üçün nəzərdə tutulan məbləğ (40 AZN) yüklənilir. Hesaba lazımi miqdarda vəsait əlavə etmək üçün müxtəlif ödəniş üsullarından yararlanmaq olar.
Daha sonra DİM-in saytında yerləşdirilən qeydiyyat linki vasitəsilə “Şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etməklə sistemə daxil olub “İmtahana buradan yazılın” düyməsini basmaq lazımdır. Açılan səhifədə imtahan yeri seçilir. Sonra isə şəxsiyyəti təsdiq edən sənədin məlumatları, telefon nömrəsi, şagirdin imtahan verəcəyi bölmə, ixtisas qrupu seçilir və “Qeydə al” düyməsi basılır. Bundan sonra “İmtahana buraxılış vərəqəsi”ni çap etmək mümkündür.
Yazı işlərinin yoxlanılması ilə əlaqədar və iştirakçıların sayından asılı olaraq imtahanın nəticələri ən tezi 2 həftədən sonra elan ediləcək. Abituriyentlərə imtahanda topladıqları ballar 400 ballıq şkala üzrə təqdim olunacaq.
Dövlət İmtahan Mərkəzi abituriyentlərin nəzərinə çatdırır ki, imtahan binalarına buraxılış yalnız abituriyentin şəxsiyyət vəsiqəsinin əsli və “İmtahana buraxılış vərəqəsi” əsasında həyata keçirilir. Göstərilən sənədlərdən biri olmadıqda, imtahana şəxsiyyət vəsiqəsinin surəti ilə gələn, başqasının şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçən abituriyentlər imtahana buraxılmır.