Fevralın 6-da Kəngərli Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Akademik Zərifə Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbində Naxçıvan Muxtar Respublikasının yaradılmasının 96-cı ildönümü ilə əlaqədar V-VIII sinif şagirdləri arasında “Xəmsə” Milli İntellektual Oyunu keçirilib.
İntellektual oyunun keçirilməsində məqsəd şagirdlərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfüzunu artırmaq, eləcə də onların asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etmək, eyni zamanda intellektual oyunlara məktəblilərin marağının artırılmasıdır.
Tədbirdə çıxış edən Təhsil Şöbəsinin baş məsləhətçisi Nilufər Rzayeva bildirib ki, ötən əsrin 20-ci illərində gedən proseslər qədim diyarımızın muxtariyyət statusu qazanaraq əbədi olaraq Azərbaycanın tərkibində qalması ilə nəticələnib. Buna görə də ulu öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının yaradılmasını Azərbaycan xalqının olduqca mürəkkəb bir siyasi şəraitdə əldə etdiyi böyük tarixi nailiyyət adlandırması təsadüfi deyildir. Ulu öndərimiz çıxışlarında dəfələrlə Naxçıvanın muxtariyyət statusunun qorunub saxlanılmasının vacibliyini xüsusi olaraq vurğulayıb. Bu mənada, muxtariyyət həm də Heydər Əliyev əmanətidir. Vurğulanıb ki, Bu gün Naxçıvan Muxtar Respublikası uğurla inkişaf edir, yeni-yeni nailiyyətlər qazanır. Naxçıvanın muxtariyyətini möhkəmləndirən mühüm amillərdən biri də, şübhəsiz, ötən 96 il ərzində buradakı sosial-iqtisadi inkişafdır.
İştirakçılar yarışın şərtləri barədə ətraflı məlumatlandırıldıqdan sonra oyuna start verilib.
Oyunun yekun nəticələrinə əsasən, Xok kənd tam orta məktəbinin “Turan” komandası I, Qarabağlar kənd 2 nömrəli tam orta məktəbin “Zəka” komandası II, Şahtaxtı kənd tam orta məktəbinin “Şəfəq” komandası III, Qıvraq qəsəbə tam orta məktəbinin “Lider” komandası isə həvəsləndirici yerə layiq görülüb. Qalib komandalara Təhsil Şöbəsi tərəfindən diplomlar təqdim olunub.
Oyunda rayonun ümumtəhsil məktəblərində təhsil alan 20 şagird iştirak edib.