Azərbaycan realist rəssamlıq məktəbinin banisi Bəhruz Kəngərlinin anadan olmasının 128-ci ildönümü ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Texniki Yaradıcılıq Mərkəzi “Bəhruz Kəngərli Muzeyi”ndə tədbir təşkil etdi. Tədbirdə Mərkəzin dərnək rəhbərləri, dərnək üzvləri və muzeyin əməkdaşları iştirak etdi. Əvvəlcə tədbir iştirakçıları gənc rəssamın abidəsini ziyarət etdilər. Tədbir muzeydə davam etdirildi. Naxçıvan Muxtar Respublikası Texniki Yaradıcılıq Mərkəzinin direktoru Nubar Allahverdiyeva “Azərbaycan Xalq Rəssamı Bəhruz Kəngərlinin örnək həyatı” mövzusunda məruzə etdi.
Məruzəsində qeyd etdi ki Sənətdə “Ustad” adını qazanmağın nə qədər çətin olduğunu bilsək də bu yüksək dəyərləndirməni görkəmli fırça ustası Bəhruz Bəy Kəngərli hələ öz sağlığında qazanmışdır. Rəssam qısa, lakin mənalı həyat yolu keçib. Cəmi 30 il ömür sürən Kəngərli 7 illik yaradıcılığı dövründə milli təsviri sənətimizi zənginləşdirən 2000-ə yaxın rəsm əsəri yaradıb. Azərbaycan təsviri sənətində realist dəzgah boyakarlığının təşəkkülü, portret və mənzərə janrlarının formalaşması Bəhruz Kəngərlinin (22 yanvar 1892, Naxçıvan - 7 fevral 1922, Naxçıvan) adı ilə bağlıdır.
Məruzə ətrafında “Bəhruz Kəngərli yaradıcılığında mənzərə mövzusu”, “Bəhruz Kəngərli yaradıcılığında portret janrı” və “Bəhruz Kəngərli yaradıcılığında qaçqınlar mövzusu”nda çıxış etdilər. ”Texniki rəsmxətt” dərnəyinin üzvləri rəssamın əsərlərindən nümunələr çəkdilər. Sonda tədbir iştirakçıları hazırlanmış slayda baxdılar və muzeyin eksponatları ilə tanış oldular.