Fevralın 7-də Xan Sarayı Dövlət-Tarix Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində Naxçıvan şəhər 1, 2, 16, 17 nömrəli tam orta məktəblərinin şagirdlərinin iştirakı ilə “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir” mövzusunda 15 nömrəli tam orta məktəbin tarix müəllimi Cabbarova Süsən açıq dərs keçmişdir. Açıq dərs zamanı şagirdlərə çatdırılmışdır ki, Naxçıvan diyarı heç vaxt özünü Azərbaycandan ayrı təsəvvür etməmiş, bütün dövrlərdə dünyanın bir çox dövlətləri üçün də böyük coğrafi-siyasi və strateji əhəmiyyət kəsb etmişdir.
Xüsusilə, keçən əsrin əvvəllərində yaranmış şəraitdən istifadə edən erməni daşnakları Naxçıvana qarşı ərazi iddiaları irəli sürmüş, bu diyarı Ermənistana qatmaq üçün bütün vasitələrə əl atmışdır. Bölgə əhalisinin inadlı müqavimətləri nəticəsində Naxçıvan Azərbaycanın əzəli və əbədi tərkib hissəsi kimi qorunub saxlanılmış və son nəticədə ona Azərbaycanın tərkibində muxtariyyət statusu verilmişdir.
Ümummilli lider Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının yaradılmasını Azərbaycan xalqının olduqca mürəkkəb bir siyasi şəraitdə əldə etdiyi böyük tarixi nailiyyət adlandırmışdır. Həqiqətən də Naxçıvan əhalisi, həmin dövrün demokratik ruhlu ziyalıları bölgənin təhlükəsizliyinə, erməni daşnaklarının hərbi basqınlarına qarşı mərdliklə mübarizə aparmış, öz qanları bahasına qədim diyarı hər tərəfdən qorumuşlar.
Sonda şagirdlər muzeyin ekspozisiyası ilə yaxından tanış olmuşlar.