Fevralın 10-da Heydər Əliyev Muzeyində Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbin şagirdlərinin iştirakı ilə “Heydər Əliyev və Azərbaycan Gəncliyi” mövzusunda açıq dərs keçirilib. Dərs zamanı şagirdlərə çatdırılmışdı ki, ulu öndərin hakimiyyəti dövründə gənclərlə bağlı çox möhtəşəm tədbirlər həyata keçirilib. Ümummilli lider Heydər Əliyev hakimiyyətinin birinci dövründə daha çox gənclərin bir kadr kimi yetişməsinə çalışırdısa, müstəqil Azərbaycana rəhbərliyi dövründə artıq onları dövlətin idarə edilməsində aparıcı qüvvə kimi görürdü.
Müstəqil Azərbaycan dövlətinin gənclər siyasətinin formalaşmasında və gənc nəslin geniş fəaliyyət meydanına çıxarılmasında ulu öndərin təşəbbüsü və iştirakı ilə keçirilən ölkə gənclərinin I Forumu xüsusi rol oynadı. 1997-ci ildə ümummilli lider Heydər Əliyevin imzaladığı Sərəncamla 2 fevral Azərbaycanda Gənclər Günü kimi elan edildi. Bu, Heydər Əliyevin gəncliyə göstərdiyi diqqət və qayğının daha bir nümunəsi idi. Gənclər gününün təsis edilməsi və Gənclər və İdman Nazirliyinin təsis edilməsi ilə ulu öndərin bu sahəyə diqqət və qayğısı bir daha sübut olundu. Ümumiyyətlə, gənclərimizin qazandığı bütün uğurlar Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasətinin nəticəsidir. Ümummilli lider daim Azərbaycan gəncliyinə diqqət və qayğı ilə yanaşmış, onların mükəmməl təhsil almaları, həyatı dərindən öyrənmələri, dünyada gedən prosesləri bilmələri üçün ciddi səylər göstərmişdir. Sonra şagirdlər ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlara baxıblar.