11 fevral 2020-ci il tarixdə Naxçıvan Dövlət Rəsm Qalereyasının və Kəngərli Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında “Mən bu yurdun övladıyam” adlı rəsm müsabiqəsi keçirilib. Müsabiqənin keçirilməsində məqsəd böyüməkdə olan nəslə qədim və müasir Naxçıvanın daha dərindən öyrədilməsi, ümumtəhsil məktəblərində təhsil alan istedadlı yeniyetmə və gənclərin aşkar edilib üzə çıxarılması və onların yaradıcılıq potensialının inkişaf etdirilməsidir.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Dövlət Rəsm Qalereyasının direktoru Hökümə Məmmədli qeyd edib ki, dövlətimiz tərəfindən rəssamlıq sənətinə və gənc rəssamlara xüsusi diqqət və qayğı göstərilir, istedadlı uşaqların aşkara çıxarılması, onların yaradıcılıq təxəyyüllərinin və qabiliyyətlərinin inkişaf etdirilməsi sahəsində işlər davam etdirilir.
Müsabiqədə rayon ümumtəhsil məktəblərinin VI-XI siniflərindən 32 şagirdin iştirakı təmin edilib. Müsabiqədə şagirdlərin işlədikləri rəsmlər maraqla qarşılanıb. Yurdumuzun tarixi keçmişi, zəngin təbiəti, bugünkü inkişaf prosesləri onların rəsmlərində özünəməxsus çalarlarla öz əksini tapıb. Müsabiqənin sonunda iştirakçılardan Şahtaxtı kənd tam orta məktəbin şagirdi Həsənov Adəm I, Qarabağlar kənd 1№-li tam orta məktəbin şagirdləri Süleymanova Fatimə və Əliyeva Şəfəq II, Qabıllı kənd tam orta məktəbin şagirdi Rzayeva Nazmiyyə, Qıvraq qəsəbə tam orta məktəbin şagirdi Cəfərova Zəmanə III, Qarabağlar kənd 1№-li tam orta məktəbin şagirdi Həmzəzadə Barış, Yurdçu kənd tam orta məktəbin şagirdi Mehdiyeva Gültac, Qıvraq qəsəbə tam orta məktəbin şagirdləri Qəhrəmanova Meyxanım, Məmmədova Günay və Niftəliyev Məftun həvəsləndirici yerə layiq görülüb. Sonda müsabiqənin qalibləri təşkilatçılar tərəfindən diplom və fəxri fərmanlarla mükafatlandırılıb.