Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə tərtib olunan qrafikə uyğun olaraq ötən aydan start verilmiş “Abituriyent-2020: Buraxılış və qəbul imtahanları, ixtisas seçimi” mövzusunda seminar davam edir. Növbəti seminar fevralın 12-də Kəngərli rayon ümumtəhsil məktəblərində təhsil alan XI sinif şagirdləri üçün təşkil edildi.
Seminarda abituiyentərə ’“2020/2021-ci tədris ili üçün bakalavriat səviyyəsi üzrə qəbul planı və 2020-ci ildə keçiriləcək qəbul imtahanının tarixləri”, “Buraxılış və qəbul imtahanlarına hazırlıq, ixtisas seçimi zamanı nələrə diqqət etməli”, “Abituriyentlərə imtahan qabağı psixoloji dəstək” mövzularında çıxış edərək abituriyentlərə keçiriləcək imtahanlara psixoloji cəhətdən hazır olmaları, imtahan dövrü nələrə diqqət etmələri ilə bağlı məlumatlar verilmişdir.
Qeyd olunmuşdur ki, artıq Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən 2020-ci ildə keçiriləcək ali və orta ixtisas müəssisələrinə qəbul imtahanlarının təqvimi təsdiq olunub. Naxçıvanda IX siniflər üçün buraxılış imtahanlarının birinci mərhələsi martın 1-də, ikinci mərhələsi iyunun 14-də, XI siniflər üzrə isə buraxılış imtahanları aprelin 5-də keçiriləcəkdir.
İmtahanlara hazırlıq məqsədilə abituriyentlərə buraxılış və qəbul imtahanlarına səmərəli hazırlıq üsulları, nəticələrə uyğun düzgün ixtisas seçiminin aparılması qaydası izah edilmiş, muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələri haqqında məlumatlar verilmişdir.
Seminarın sonunda mövzularla bağlı suallar cavablandırılıb, abituriyentlərə imtahanqabağı əlavə tövsiyyələr verilib.