13 fevral 2020-ci il tarixdə Kəngərli Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Qarabağlar kənd 1№-li tam orta məktəbdə gənclərin sosial təşəbbüskarlığını artırmaq, innovativ təfəkkürünü inkişaf etdirmək məqsədilə “Gənclər dövlət qayğısını daim öz üzərində hiss edir” mövzusunda gənc müəllimlərlə görüş keçirilib.
Tədbirdə rayonun ümumtəhsil məktəblərindən 50 gənc müəllim iştirak edib.
Tədbiri giriş sözü ilə açan Təhsil Şöbəsinin baş məsləhətçisi Nilufər Rzayeva bildirib ki, Ulu öndərin rəhbərliyi ilə ölkəmizdə “Gənclər siyasəti haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” qanunlar qəbul olunmuş, bir sıra fərman və sərəncamlar imzalanmışdır. Bütün bunlar da gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşması, sosial problemlərinin həlli və məşğulluqlarının təmin olunması baxımından mühüm əhəmiyyətə malik olmuşdur. Vurğulanıb ki, gəncliyə qayğı gələcəyə qayğıdır. Ona görə də gənclərlə iş sahəsində həyata keçirilən tədbirlərin əsasını gənclərin ictimai-siyasi, iqtisadi və mədəni həyatda fəal iştirakı, sosial problemlərinin həlli, bu sahədə müvafiq dövlət proqramlarının qəbul olunması, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə irəli çəkilməsi və onların xidmətlərinin qiymətləndirilməsi kimi mühüm tədbirlər təşkil edir. Digər çıxış edənlər Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Fərqanə Əbilova, Qabıllı kənd tam orta məktəbinin ingilis dili müəllimi Nigar Rüstəmova çıxışlarında qeyd etmişlər ki, gənclik böyük qüvvədir. Bu gün Azərbaycan gəncləri ölkəmizin dəyərli vətəndaşları olduqlarını öz fəaliyyətləri ilə sübut edirlər. Müstəqillik və dövlətçiliyimizin möhkəmləndirilməsi, etibarlı gələcəyimizin təmin edilməsi gənclərin sosial-siyasi fəallığının yüksəldilməsindən çox asılıdır. XXI əsrdə müstəqil Azərbaycanın inkişafı naminə görüləcək bu əzəmətli işlərin əsas ağırlığı və məsuliyyəti isə bugünkü gənclərin üzərinə düşür. Tədbirdə rayonun ümumtəhsil məktəblərindən 3 nəfər müəllim təhsilin inkişafındakı xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiyinə görə diplomlarla təltif ediliblər.