Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə ötən aydan start verilmiş “Abituriyent-2020: Buraxılış və qəbul imtahanları, ixtisas seçimi” mövzusunda növbəti seminar fevralın 14-də Culfa rayonunun XI siniflərində təhsil alan şagirdlər üçün keçirildi. Seminar Culfa şəhər 3 nömrəli tam orta məktəbin akt zalında 60 şagirdin iştirakı ilə təşkil olundu.
Seminarda “2020/2021-ci tədris ili üçün bakalavriat səviyyəsi üzrə qəbul planı və 2020-ci ildə keçiriləcək qəbul imtahanının tarixləri”, “Buraxılış və qəbul imtahanlarına hazırlıq, ixtisas seçimi zamanı nələrə diqqət etməli”, “Abituriyentlərə imtahan qabağı psixoloji dəstək” mövzularında çıxışlar dinlənilmişdir.
Bildirilib ki, Naxçıvanda IX siniflər üçün buraxılış imtahanlarının birinci mərhələsi martın 1-də, ikinci mərhələsi iyunun 14-də, XI siniflər üzrə isə buraxılış imtahanları aprelin 5-də keçiriləcəkdir.
Seminarda abituriyentlərə buraxılış və qəbul imtahanlarına səmərəli hazırlıq üsulları, nəticələrə uyğun düzgün ixtisas seçiminin aparılması qaydası izah edilmiş, bundan əlavə abituriyentlərə keçiriləcək imtahanlara psixoloji cəhətdən hazır olmaları, imtahan dövrü nələrə diqqət etmələri ilə bağlı geniş məlumatlar verilmişdir.
Qeyd edək ki, növbəti seminar tərtib olunan qrafikə uyğun olaraq Şahbuz Rayon Təhsil Şöbəsinin əhatə etdiyi ümumtəhsil məktəblərinin abituriyentləri üçün keçiriləcək.