14 fevral 2020-ci il tarixdə Kəngərli Rayon Təhsil Şöbəsinin və Uşaq-gənclər şahmat məktəbinin birgə təşkilatçılığı ilə Kəngərli və Şərur rayon şahmatçıları arasında tempo turniri keçirilib.
Yarış şahmatın inkişafı və təbliği, uşaq və yeniyetmələrin, şahmatsevərlərin asudə vaxtının səmərəli təşkili məqsədilə keçirilib.
Tədbiri giriş nitqi ilə açan Uşaq-gənclər şahmat məktəbinin direktoru Əli Hüseynzadə bildirib ki, bu gün Azərbaycanda şahmatın inkişafı diqqət mərkəzindədir. Ölkəmizdə, eləcə də Naxçıvan Muxtar Respublikasında şahmatın kütləvi hal alması üçün aparılan siyasət uğurla davam etdirilir. Vurğulanıb ki, məktəblilər arasında şahmatın təbliği və inkişafı məqsədilə məktəbdaxili, rayonlararası və rayon birinciliyi səviyyəsində yarışlar təşkil olunur.
Qeyd olunub ki, bu gün Naxçıvanda yaradılan şahmat infrastrukturu, şahmatın inkişafı və tədrisi sahəsində görülən işlər nümunə gücündədir.
Yarış Kəngərli və Şərur rayonlarından 61 şahmatçının iştirakı ilə keçirilib. Turnirin yekun nəticələrinə əsasən, ümumi yarışda, Zeynalov Ayhan I, Rzayev Pərviz II, İsmayılov Zakir isə III yerə layiq görülüb. 14 yaşadək oğlanlar arasında Cəfərli Anar, 12 yaşadək oğlanlar arasında Əsgərov Uğur, 10 yaşadək oğlanlar arasında Rzazadə Çinar I yerə layiq görülüb, 14 yaşadək qızlar arasında Nəcəfova Xatun, 12 yaşadək qızlar arasında Yusifli Aysu, 10 yaşadək qızlar arasında isə Qəhrəmanlı Sara I yerə layiq görülüb.
Tempo turnirinin qalibləri təşkilatçılar tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.