Cəlil Məmmədquluzadənin Cəlilkənddə Xatirə Muzeyinin yaradılmasının 7-ci ildönümündə Şərur rayon mədəni maarif müəssələrinin əməkdaşlarının iştirakı ilə görkəmli ictimai xadimin anım günü keçirilmişdir.
Tədbirdə muzeyin direktoru Həcər Əsgərova “Cəlil Məmmədquluzadənin Cəlilkənddə Xatirə Muzeyi xalqımızın sərvətlər xəzinəsidir” mövzusunda çıxışı dinlənilmişdir.
Şəhriyar kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Zəhra Musayeva "Ədəbiyyatımıza doğan Cəlil Məmmədquluzadə Günəşi” mövzusunda çıxış edərək bildirmişdir ki, “XX əsr Azərbaycan ədəbiyyatının ən qüdrətli nümayəndələrindən biri böyük yazıçı, publisist, mütəfəkkir və ictimai xadim Cəlil Məmmədquluzadə bu gün, əsrimizin sonunda bizim üçün mənəviyyat mənbəyidir, mənəvi dayaqdır.
Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatının yeni mərhələyə yüksəlməsində müstəsna rol oynamış və bütöv bir ədəbi məktəb formalaşdırmış qüdrətli şəxsiyyətdir. Vətəndaş yazıçının bədii nailiyyətlərlə zəngin irsində azərbaycançılıq məfkurəsi dövrün ictimai-siyasi fikrinin aparıcı amili kimi dolğun ifadəsini tapmışdır. Sənətkar həyat həqiqətlərini, ictimai mühiti hərtərəfli əks etdirən və bədii-estetik dəyər daşıyıcısına çevrilən rəngarəng obrazlar qalereyası yaratmışdır. Ana dilinin saflığı uğrunda daim mübarizə aparmış Cəlil Məmmədquluzadənin meydana gətirdiyi qiymətli dram və nəsr əsərləri, parlaq publisistika dərin humanist məzmuna malik olub, özündə milli və ümumbəşəri dəyərlərin vəhdətini ehtiva edir. Azərbaycanda və onun hüdudlarından kənarda geniş yayılaraq milli oyanışa, yeniləşmə hərəkatına yol açan və azadlıq ideyalarının inkişafına qüvvətli təsir göstərən “Molla Nəsrəddin” jurnalı məhz Mirzə Cəlil dühasının məhsuludur.”
Tədbirdə şagirdlərin iştirakı ilə ədibin “Saqqallı uşaq” əsərindən tamaşa nümayiş olunmuşdur.
Sonda isə muzeyin baş fond mühafizi-elmi işçisi Gültac Həsənova tədbir iştirakçılarına ekspozisiya zalında nümayiş olunan eksponatlar haqqında ətraflı məlumat vermişdir.