14 fevral 2020-ci il tarixdə Kəngərli Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Yurdçu kənd tam orta məktəbində “21 Fevral – Beynəlxalq Ana Dili Günü” ilə əlaqədar rayonun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında “Mənim ana dilim” mövzusunda inşa yazı müsabiqəsi keçirilib.
İnşa müsabiqəsinin keçirilməsində məqsəd ana dilimizin zənginliyi, onun yaşadılması və təbliğ edilməsi barədə şagirdləri məlumatlandırmaq, məktəbliləri milli-mənəvi dəyərlərə hörmət və vətənpərvərlik ruhunda tərbiyə etmək, şagirdlərin yaradıcılıq potensialının inkişaf etdirilməsi, məktəblilərin asudə vaxtlarının səmərəli təşkil edilməsindən ibarətdir.
Tədbirdə Təhsil Şöbəsinin metodiki kabinet müdiri Həsən Tağıyev Azərbaycan dilinin saflığı uğrunda ölkəmizdə həyata keçirilən islahatlardan, Azərbaycan xalqının çoxəsrlik qədim mədəniyyət ənənələrindən söz açıb. O öz çıxışında ana dilimizin dünya dilləri arasında layiqli yer tutmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən, Prezident İlham Əliyevin Azərbaycan dilinin geniş təbliği istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirlərdən danışıb, bu sahədə imzalanan mühüm dövlət sənədlərini xatırladıb.
Qeyd olunub ki, dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana dili Günü doğma dilin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququnun olduğunu bir daha xatırladır. Bildirilib ki, ölkəmizdə Ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması, ulu öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir.
Müsabiqədə rayonun ümumtəhsil məktəblərinin IX-XI siniflərində təhsil alan 32 şagird iştirak edib.
Müsabiqənin yekun nəticələrinə əsasən, Qarabağlar kənd 2№-li tam orta məktəbin X sinif şagirdi Münəvvər Əliyeva I, Akademik Zərifə Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbinin XI sinif şagirdi Aytən Səfərova II, Qabıllı kənd tam orta məktəbinin X sinif şagirdi Xalidə Hüseynova isə III yerə layiq görülüb. İnşa yazı müsabiqəsinin qalibləri diplomlarla mükafatlandırılıblar.