Şagirdlərin vətəninə, xalqına, ana dilinə olan sevgisi və hörmətini, müstəqil bədii-estetik düşüncələrini üzə çıxarmaq və onu inkişaf etdirmək məqsədilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən fevralın 17-də “21 Fevral-Beynəlxalq Ana Dili Günü” ilə bağlı muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri arasında “Mənim ana dilim” mövzusunda inşa yazı müsabiqəsi keçirilmişdir.
Tədbirdə Təhsil nazirinin müavini Heyran Əhmədova Azərbaycan dilinin-doğma ana dilimizin təbiiliyini və bədiiliyini, dilimizin zənginliyini xüsusi vurğulayıb, dilimizin yaşadılması və təbliğ edilməsi haqqında danışıb.
Bildirilmişdir ki, dil mənəvi dəyərləri yaşadan amildir. Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dilimizi qorumaq, inkişaf etdirmək və yaşatmaq hər bir azərbaycanlının vətəndaşlıq borcudur.
Qeyd olunmuşdur ki, ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Milli varlığımız olan ana dilimiz tarixən inkişaf edərək və zənginləşərək bu gün dünyanın hər yerində yaşayan bütün azərbaycanlının istifadə etdiyi ümummilli dil səviyyəsinə yüksəlmişdir.
“Mənim ana dilim” mövzusunda keçirilən inşa yazı müsabiqəsinin muxtar respublika mərhələsində ümumtəhsil məktəblərinin IX-XI siniflərində təhsil alan 55 şagird iştirak edib. Müsabiqənin keçirilməsinə 2 saat vaxt ayrılmışdır. İnşa yazı işləri qabaqcıl müəllimlər tərəfindən yoxlanılmış, 1-i I, 2-si II, 3-ü III, 5-i həvəsləndirici yer olmaqla ümumilikdə 11 qalib müəyyənləşdirilib.