Naxçıvan Müəllimlər İnstitutunda tədris planlarına uyğun olaraq ibtidai sinif müəllimliyi, riyaziyyat və informatika müəllimliyi və məktəbəqədər təlim və tərbiyə ixtisaslarının pedaqoji təcrübəsinin başlanğıc konfransı olub.
Konfransda institutun professor-müəllim heyəti, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşları, ümumtəhsil məktəblərinin direktorları və pedaqoji təcrübəyə başlayacaq tələbələr iştirak ediblər.
İnstitutun rektoru Azad Novruzov konfransı açaraq bildirib ki, ibtidai sinif müəllimliyi, məktəbəqədər təlim və tərbiyə ixtisaslarında təhsil alan tələbələr IV tədris ilinin VIII semestri, Riyaziyyat və informatika müəllimliyi ixtisasında təhsil alan tələbələr V tədris ilinin X semestrində 14 həftəlik pedaqoji təcrübə keçməlidirlər. Bu ixtisaslar üzrə 218 tələbə Naxçıvan şəhər məktəblərinə və məktəbəqədər təhsil müəssisələrinə pedaqoji təcrübəyə göndərilirlər. Tələbələrin müəllimlik fəaliyyətinə hazırlanmasında pedaqoji təcrübə mühüm əhəmiyyət kəsb etdiyini vurğulayan rektor pedaqoji heyətə və tələbələrə uğurlar arzu edib.
Sonra Naxçıvan Muxtar Respublikasının Təhsil Naziri Rəhman Məmmədov müəllim kadrlarının hazırlanmasında maraqlı tərəfdaş olduqlarını və bu əməkdaşlığın yüksək səviyyədə təmin olunması üçün muxtar respublikada görülən işlərdən danışıb. Nazir pedaqoji ixtisaslara hamilik çərçivəsində aparılan məqsədyönlü işlərin əhəmiyyətinə toxunaraq məktəb kollektivlərinin pedaqoji təcrübənin yüksək səviyyədə təşkili üçün vəzifələrini diqqətə çatdırıb.
Sonda Naxçıvan Muxtar Respublika Təhsil Nazirliyinin instituta hədiyyə etdiyi dərslik və metodik vəsaitlər təqdim edilib.