18 fevral 2020-ci il tarixdə Uzunoba Su Anbarının ətrafında Naxçıvan şəhər ümumtəhsil məktəblərinin oğlan şagirdləri arasında velosiped idman yarışı üzrə şəhər birinciliyi keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyası, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Naxçıvan Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən birincilikdə 17 tam orta məktəbdən 51 idmançı iştirak etmişdir.
Tədbirin bağlanış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının sədr müavini Azər Məmmədov, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov və Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşı Şahmar Hüseynov qalibləri təbrik etmişlər. Şəxsi xarakter daşıyan birinciliyin yekununa əsasən Hüseyn Hüseynov (16№-li tam orta məktəb) I yerə, Sadiq Həsənov (9№-li tam orta məktəb) II yerə, İbrahim Məmmədli (7№-li tam orta məktəb) III yerə layiq görülmüşlər. Sonda qaliblərə Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi ilə Naxçıvan Şəhər Təhsil Şöbəsinin diplomları, federasiyanın isə fəxri fərman və hədiyyələri təqdim olunmuşdur.