Fevral ayının 19-da “Araz” kinoteatrında Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Abituriyent-2020: Buraxılış və qəbul imtahanları, ixtisas seçimi” mövzusunda seminar keçirilib. Abituriyentlərin keçiriləcək imtahanlara psixoloji cəhətdən hazır olmaları, imtahan dövrü nələrə diqqət etmələri ilə bağlı onların məlumatlandırılması məqsədilə keçirilən seminarda Şahbuz Rayon Təhsil Şöbəsinin ümumtəhsil məktəblərinin XI siniflərində təhsil alan 140 şagird iştirak edib.
Seminarda Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Ayşən Əsgərovanın “2020/2021-ci tədris ili üçün bakalavriat səviyyəsi üzrə qəbul planı və 2020-ci ildə keçiriləcək qəbul imtahanının tarixləri”, Naxçıvan Şəhər Təhsil Şöbəsinin baş məsləhətçisi Gülxanım Orucovanın “Buraxılış və qəbul imtahanlarına hazırlıq, ixtisas seçimi zamanı nələrə diqqət etməli”, Naxçıvan şəhər 13 nömrəli tam orta məktəbin psixoloqu Nubar Abdullayevanın “Abituriyentlərə imtahan qabağı psixoloji dəstək” mövzularındakı çıxışları dinlənilib.
Qeyd olunmuşdur ki, artıq Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən 2020-ci ildə keçiriləcək ali və orta ixtisas müəssisələrinə qəbul imtahanlarının təqvimi təsdiq olunub. Naxçıvanda IX siniflər üçün buraxılış imtahanlarının birinci mərhələsi martın 1-də, ikinci mərhələsi iyunun 14-də, XI siniflər üzrə isə buraxılış imtahanları aprelin 5-də keçiriləcəkdir.
İmtahanlara hazırlıq məqsədilə abituriyentlərə buraxılış və qəbul imtahanlarına səmərəli hazırlıq üsulları, nəticələrə uyğun düzgün ixtisas seçiminin aparılması qaydası izah edilmiş, muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələri haqqında məlumatlar verilmişdir.
Seminarın sonunda mövzularla bağlı suallar cavablandırılıb, abituriyentlərə imtahanqabağı əlavə tövsiyyələr verilib.
Seminar digər rayonların abituriyentləri üçün də təşkil olunacaqdır.