19 fevral 2020-ci il tarixində Sədərək Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Sədərək kənd 1 nömrəli tam orta məktəbin katabxanasında “21 fevral Beynəlxalq Ana Dili Günü” nə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə Təhsil Şöbəsinin əməkdaşları, məktəbin müəllim kollektivi və VII -X sinif şagirdləri iştirak etmişdir.
Bildirilmişdir ki, dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır.
Ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, beynəlxalq münasibətlər sisteminə yol tapması ulu öndər Heydər Əliyevin dilimizin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. 2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addım olmuşdur. Bu sənəd ümummilli lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir.
Tədbirin sonunda məktəbin şagirdlərinin şeir qiraəti dinlənilmişdir.