19 fevral 2020-ci il tarixdə Kəngərli Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Şahtaxtı kənd tam orta məktəbində “Cəlil Məmmədquluzadə və Azərbaycan dili” mövzusunda tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Şəfəq Camallı bildirib ki, Cəlil Məmmədquluzadə yaradıcılığının bütün sahələrində ana dili məsələsinə xüsusi diqqət ayırmışdır. Nəsr və dramaturji yaradıcılığında sənətkar ədəbi dili xalqa yaxınlaşdırmış, ədəbi dili xalq dili əsasında inkişaf etdir-mişdir.
XXI əsrin ikinci yarısında ana dilimizin saflığı uğrunda M.F.Axundzadə və H.B.Zərdabi tərəfindən aparılan mübarizəni XX əsrin əvvəllərində Cəlil Məmmədquluzadə və naşiri olduğu "Molla Nəsrəddin" jurnalı davam etdirib. Və sənətkarın ömrünün sonunadək davam etdirdiyi xalqın səadəti, azadlığı və tərəqqisi naminə apardığı mücadilənin əsasını ana dilinin saflığı, təmizliyi uğrunda mübarizə təşkil edib.
Sonra çıxış edən Şahtaxtı kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Solmaz Qurbanova öz çıxışında qeyd edib ki, dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən gülcü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində , mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı, tərcümə vasitəsilə başqa xalqların irsi ilə tanış olmağa, onlarla ünsiyyət qurmağa imkan yaradır.
Tədbirdə şagirdlər tərəfindən vətənə, ana dilinə həsr olunmuş şeirlər səsləndirilib və ədəbi-bədii kompozisiya təqdim olunub.