Fevralın 24-də Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdləri arasında Naxçıvan Şəhər Təhsil Şöbəsinin və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılğı ilə “Oxunması zəruri olan kitablar”la bağlı viktorina keçirilmişdir.
Viktorina üçün “Oxunması zəruri olan kitablar”ın siyahısına daxil edilən ədəbiyyatımızın klassik nümunələrindən Nizaminin “Hikmət və nəsihətləri”, Eynəli bəy Sultanovun “Məqalələri”, Nikolo Makiavellinin “Hökmdar” və “Təmsillər” kitabları əsasında suallar tərtib olunmuşdur.
Tədbirdə Naxçıvan Şəhər Təhsil Şöbəsinin metodkabinet müdiri Sabir Məmmədov çıxış edərək, iştirakçılara “Oxunması zəruri olan kitablar”ın Azərbaycan vətəndaşlarının şəxsiyyət kimi formalaşmasına onlarda vətənpərvərlik hislərinin gücləndirilməsinə və şagirdlərdə mütaliə mədəniyyətinin inkişafına müsbət təsiri barədə fikirlər səsləndirmişdir.
4 tur və final mərhələsindən ibarət olan viktorinada hər mərhələdə komanda iştirakçılarına 16 sual təqdim olunmuş və sualların cavablandırılması üçün 1 dəqiqə vaxt ayrılmışdır.
Viktorinada Naxçıvan şəhər 16 ümumtəhsil məktəbi üzrə 64 şagird iştirak etmişdir. Viktorinanın sonunda 17 nömrəli tam orta məktəbin komandası I yerə, 5 nömrəli tam orta məktəbin komandası II yerə və 15 nömrəli tam orta məktəbin komandası III yerə layiq görülmüşlər.
Qalib olan komandalar təşkilatçıların diplomları ilə təltif olunmuşlar.