Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına uyğun olaraq, muxtar respublikada dövlət orqanları işçilərinin muzeylərə kollektiv gedişi təmin olunur. Bu tədbirlərin həyata keçirilməsi muzeylərə marağın artmasına, tariximizin, mədəniyyətimizin hərtərəfli öyrənilməsinə və təbliğinə şərait yaradır.
Elə bu məqsədlə fevralın 22-də Babək Rayon Təhsil Şöbəsinin əməkdaşları Babək rayon Nehrəm kəndində yerləşən İmamzadə muzey-kompleksində olmuşlar. Şöbənin əməkdaşlarına muzey bələdçisi tərəfindən ətraflı məlumat verilərək bildirilmişdir ki, türbə XVIII əsrə aid memarlıq abidəsidir.Bir çox dəyişikliklərdən, təmir və bərpa işlərindən sonra dövrümüzədək gəlib çatmışdır. Planının kvadrat formasında olması, divarlarındakı oyuqlar və mərkəzi otağın günbəzlə örtülməsi abidənin ilk məscid tiplərinə aidliyini göstərir. Kompleksin özəyini təşkil edən türbənin içərisində ziyarət obyekti olan bir qəbir var. Qəbrin üzərində onun kimə aid olmasını bildirən kitabə yoxdur. Əhali arasında yayılan rəvayətə görə qəbirdə şiələrin yeddinci imamı Museyi-Kazımın oğlu Seyid Əqil dəfn olunmuşdur. Türbənin daxilində, divarlarda, mehrabın cənub, baş və sağ tərəfində günbəzvari çərçivələrdə dini xarakterli kəlamlar verilir və türbə daxilindəki xəttatlıq işlərinin Mehdi adlı sənətkara məxsus olduğu göstərilir.