Fevralın 24-də Kəngərli Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Yurdçu kənd tam orta məktəbində Xocalı Soyqırımının 28-ci ildönümü ilə əlaqədar ümumtəhsil məktəblərinin şagirdləri arasında “Xocalı faciəsi-qan yaddaşımızdır” adlı inşa yazı müsabiqəsi keçirilib.
İnşa yazı müsabiqəsinin keçirilməsində məqsəd Xocalı Soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, gənc nəsildə Vətənə sevgi hisslərinin aşılanması, Azərbaycan tarixinin təbliği, məktəblilərin dünyagörüşünün zənginləşdirilməsi və istedadlı şagirdlərin üzə çıxarılmasından ibarətdir.
Tədbirdə Təhsil Şöbəsinin metodik kabinet müdiri Həsən Tağıyev şagirdlərə Xocalı Soyqırımı barədə məlumat verərək bu hadisənin XX əsrin ən dəhşətli və qəddar faciələrindən biri olduğunu diqqətə çatdırıb. Vurğulanıb ki, ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bu qanlı faciəyə ilk dəfə olaraq, hüquqi-siyasi qiymət verilib və 1994-cü ildə ümummilli liderin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı Soyqırımı günü kimi qəbul edib. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırım kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir.
Sonra məktəblilərə müsabiqənin şərtləri barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, inşa müsabiqəsi 2 mərhələdə təşkil olunub. Məktəb mərhələsində qalib olmuş I, II, III yerin qalibləri rayon mərhələsində iştirak etmək hüququ qazanıb.
İnşa yazı müsabiqəsində rayonun ümumtəhsil məktəblərinin IX-XI siniflərində təhsil alan 36 şagird iştirak edib. İnşa yazı işləri münsiflər heyəti tərəfindən yoxlanılıb, 1-i I, 1-i II, 1-i III, 3-ü isə həvəsləndirici yer olmaqla ümumilikdə 6 qalib müəyyən edilib.