Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbdə 28 fevral 2020-ci il tarixdə həmin məktəbin ingilis dili müəllimi Turac Hacıyevanın X sinfində “Natural Disasters” mövzusunda açıq dərsi keçirilmişdir. Dərsdə Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşları, məktəb rəhbərliyi, müəllimlər və Naxçıvan Şəhər 1, 7, 11 və 17 nömrəli məktəblərin ingilis dili müəllimləri iştirak etmişdir. Əvvəlcə dərsdə tarix fənni ilə inteqrasiya yaradılaraq şagirdlər tərəfindən fevral ayında baş verən hadisələr haqqında qısa məlumat verildi. Şagirdlərdə vətənpərvərlik hislərinin təbliği məqsədilə “Xocalı faciəsi” və Milli qəhrəman Mübariz İbrahimov haqqında danışıldı.
Dərsin məqsədi təbii fəlakətlərin yaranma səbəbləri və təbii fəlakət baş verən zaman özünü qoruma yollarının şagirdlərə öyrədilməsidir. Motivasiya bölməsində şagirdlərə təqdim olunan krossvordu həll edərək cavablardan mövzunun adını müəyyənləşdirildi. “Təbii fəlakətlər nə üçün baş verir və nələrə səbəb olur?” tədqiqat sualı ətrafinda fikir mübadiləsi apararaq tornado, daşqınlar sunami, meşə yanğınları, zəlzələ kimi təbii fəlakətlər haqqında məlumat mübadiləsi aparıldı. Şagirdlər qruplarda işlədilər. İngilis dili fənni coğrafiya, tarix və kimya fənləri ilə inteqrasiya olundu. Sonra vulkan püskürməsi hadisəsi əyani şəkildə şagirdlər tərəfindən göstərildi. Təbii fəlakətlər haqqında hazırlanmış videolar şagirdlər tərəfindən izlənildi. Dərs bütövlükdə ingilis dilində aparıldı. Sonda Təhsil Şöbəsinin əməkdaşları və fənn müəllimləri tərəfindən dərs müzakirə olundu.