Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbdə Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin həkim, rezident və tələbələrinin “Sağlam ol” layihəsi çərçivəsində ümumtəhsil məktəblərinin şagirdləri ilə tanışlıq görüşü, praktik təcrübələr və “İlk tibbi yardım” simulyasiyasının təqdimatı keçirilmişdir. Əvvəlcə Tibb fakültəsinin dekanı, dosent Elsevər Əsədov Tibb fakültəsi, tədbirin məqsəd və vəzifələri haqqında ətraflı məlumat vermişdir. Bildirmişdir ki, cəmiyyət həyatı üçün gənclərin verdikləri qərarların əhəmiyyəti, gənclərin sağlam olmaları, yüksək təhsil göstəricilərinə malik olmaları və doğru peşə seçmələrinin əhəmiyyəti böyükdür.
Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri Elşən Qəbulov isə çıxışında qeyd etmişdir ki, hər bir gənc öz bacarığını kəşf etməli, inkişaf etdirməli və sahəsi üzrə peşəkar mütəxəssis olaraq özünü formalaşdırmalıdır. Düzgün peşə seçimi və sevdiyi işlə məşğul olmaq insanın zövqlü və rahat yaşayışının təminatçısıdır. Şagirdlər arasında tibb elminə marağın artırılması baxımından belə tədbirlərin keçirilməsi məqsədəuyğundur.
Təqdimat zamanı Elsevər Əsədov və Müalicə işi ixtisasının II kurs tələbələri mikroskop vasitəsilə təcrübələr aparıblar. Ümumi təbabət və gigiyena kafedrasının baş müəllimi, həkim anestezioloq-reanimatoloq Bəxtiyar Hüseynovun rəhbərliyi ilə Müalicə işi ixtisasının III kurs tələbələri yuxarı tənəffüs yollarına yad cismin düşməsi, ürək tutması və qanaxmalar zamanı ilk tibbi yardım simulyasiyalarını təqdim ediblər. Tibbi profilaktika ixtisası üzrə IV kurs tələbələri isə “Dadlı bəlalar” haqqında təqdimat nümayiş etdiriblər. Sonda həkim, rezidentlər və gənc tələbə həkimlərin stomatologiya, qulaq, burun, boğaz, kardiologiya və terapiya sahələrində tibbi müayinələri yerinə yetirilibdir.