02 mart 2020-ci il tarixdə Kəngərli Rayon Təhsil Şöbəsinin 24 fevral 2020-ci il tarixli 18 nömrəli əmri ilə təsdiq edilmiş “5 Mart – Bədən Tərbiyəsi və İdman Günü” ilə əlaqədar ümumtəhsil məktəblərinin şagirdləri arasında “Mən sağlam böyüyəcəm” devizi altında idman yarışlarının keçirilməsi haqqında Tədbirlər Planına uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyasının Kəngərli Rayon Bölməsinin, Kəngərli Rayon Təhsil Şöbəsinin və Uşaq-gənclər idman məktəbinin birgə təşkilatçılığı ilə Çalxanqala kənd tam orta məktəbinin idman zalında ümumtəhsil məktəblərinin oğlanlardan ibarət komandaları arasında voleybol üzrə rayon birinciliyi keçirilib.
Yarışın keçirilməsində məqsəd ümumtəhsil məktəblərində idmanın kütləviliyinə nail olmaq, voleybol idman növünə marağı artırmaq və şagirdlər arasında sağlam həyat tərzini təbliğ etməkdən ibarət olub.
Tədbiri giriş sözü ilə açan Təhsil Şöbəsinin metodik kabinet müdiri Həsən Tağıyev bildirib ki, qədim idman ənənələrinə malik Azərbaycanda xalqımızın ümummilli lideri Heydər Əliyev Olimpiya və idman hərəkatını genişləndirməklə ölkəmizdə idmanın müxtəlif növlərinin inkişaf etdirilməsinin təşəbbüskarı və ilhamçısı olmuşdur. Dövlətin gənclər və idman siyasətinin həyata keçirilməsi üçün ulu öndər tərəfindən imzalanmış 26 iyul 1994-cü il tarixli fərman idman və bədən tərbiyəsi sahəsinin müstəqil Azərbaycan Respublikasının dövlət siyasətində önəmli yer tutduğunu rəsmən bəyan etmişdir.
Qeyd olunub ki, Heydər Əliyevin Azərbaycanın idman siyasətinin həyata keçirilməsi sahəsindəki xidmətləri əvəzsizdir.
Diqqətə çatdırılıb ki, bütün sahələrdə quruculuq və inkişafın geniş vüsət aldığı muxtar respublikamızda da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tərəfindən dövrün tələbinə uyğun olaraq həyata keçirilən məqsədyönlü siyasət nəticəsində təhsilin, eləcə də idmanın inkişafı diqqətdə saxlanılmaqdadır. Vurğulanıb ki, muxtar respublikada idmanın inkişafı sahəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 14 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş 2020-2025-ci illər üçün Dövlət Proqramı müasir dövrün reallıqları nəzərə alınmaqla uşaq və gənclərin idmana cəlbinin kütləviləşməsinə, əhalinin fiziki sağlamlığının qorunmasına yeni imkanlar yaradacaqdır.
Birincilikdə ümumtəhsil məktəblərindən 8 komandanın tərkibində 96 şagird iştirak edib.
Yarışın yekun nəticələrinə əsasən, Çalxanqala kənd tam orta məktəbinin komandası I, Böyükdüz kənd tam orta məktəbinin komandası II, Xok kənd tam orta məktəbinin komandası III, Qıvraq qəsəbə tam orta məktəbinin komandası isə həvəsləndirici yerə layiq görülüb. Sonda qalib komandalara təşkilatçılar tərəfindən diplom və qiymətli hədiyyələr təqdim olunub.
Qeyd edək ki, “5 Mart – Bədən Tərbiyəsi və İdman Günü” ilə əlaqədar ümumtəhsil məktəblərinin şagirdləri arasında “Mən sağlam böyüyəcəm” devizi altında idman yarışlarının keçirilməsi haqqında Tədbirlər Planına uyğun olaraq mart ayı ərzində müxtəlif idman tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulub.