Martın 3-də Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində ölkə və beynəlxalq səviyyəli idman yarışlarında fərqlənən şagirdlərin və onların müəllimlərinin mükfatlandırılması ilə bağlı tədbir keçirilmişdir.
Tədbirdə Təhsil naziri Rəhman Məmmədov təhsilə göstərilən dövlət qayğısından danışaraq bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində ötən müddət ərzində 200-dən çox müasir tipli, hər çür maddi-texniki bazaya malik, informasiya kommunikasiya texnologiyaları ilə təmin olunmuş məktəb binaları tikilmiş və ya əsaslı şəkildə yenidənqurularaq istifadəyə verilmişdir. Bu məktəblərdə ən müasir tələblərə cavab verən 198 idman zalı və bütün məktəblərdə açıq idman qurğuları, şahmat sinifləri yaradılmışdır.
Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Uşaq-Gənclər Şahmat və İdman məktəblərinin də infrastrukturu yenilənmiş, bu məktəblərin fəaliyyəti üçün zəruri şərait yaradılmışdır. Şahmatın yüksək səviyyədə tədrisini təmin etmək üçün Şahmat Federasiyası tərəfindən “Pillə-pillə” və “Debütdə buraxılmış səhvlərə aid 1000 oyun” kitabları nəşr olunaraq ümumtəhsil məktəblərinə verilmişdir. Muxtar respublika təhsil müəssisələrində fəaliyyət göstərən fiziki tərbiyə müəllimlərindən 14-nün əməyi yüksək qiymətləndirilmiş, onlar fəxri adlara layiq görülmüş, Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbin şagirdi, dünya çempionu Rafiq Hüseynlinin adı gənc istedadların “Qızıl kitabı”na salınaraq xüsusi aylıq təqaüdə layiq görülüb.
Təhsil naziri Rəhman Məmmədov ümumtəhsil müəssisələrində yaradılan şəraitdən səmərəli istifadə olunmasının diqqətdə saxlanıldığını, təhsil müəssisələrinin bacarıqlı və bilikli müəllimlərlə təmin olunması, şahmat müəllimlərinin sertifikasiyası istiqamətində zəruri tədbirlərin görüldüyünü bildirmişdir. Qeyd olunmuşdur ki, 487 şahmat müəlliminə Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası və Təhsil Nazirliyinin sertifikatı verilmiş, müsabiqələrdə ən yüksək nəticə göstərən 24 fiziki tərbiyə müəllimi işə götürülmüş, 68 məzun ali məktəblərin bədən tərbiyəsi və idman ixtisaslarına qəbul olmuş, fiziki tərbiyə müəllimlərinin ixtisasartıması kursları təşkil edilmişdir.
Təhsil naziri qeyd etmişdir ki, muxtar respublikamızda idmanın inkişafı istiqamətində yaradılan əlverişli şəraitin və federasiyaların fəaliyyətinin nəticəsidir ki, şagirdlərimiz nəinki muxtar respublika səviyyəli, eyni zamanda ölkə və beynəlxalq səviyyəli idman yarışlarında da fəal iştirak edir və yüksək nəticələr əldə edirlər.Ötən ildə bu baxımdan uğurlu il olmuş 49 şagird ölkə və beynəlxalq səviyyəli idman yarışlarının qalibi olmuşdur. 2019-cu ildə muxtar respublika məktəblilərindən 21 nəfəri I, 9 nəfəri II, 19 nəfəri III yer olmaqla 49 şagird ölkə və beynəlxalq səviyyəli yarışların qalibi olmuşdur.
Təhsil naziri ölkə və beynəlxalq səviyyəli idman yarışlarında fərqlənən şagirdləri və onların məşqçilərini təbrik etmiş, muxtar respublikada idmanın və təhsilin inkişafına göstərdiyi diqqət və qayğıya görə bütün təhsil işçiləri, adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə dərin minnətdarlığını bildirmişdir.
Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Azad Cabbarov çıxış edərək qeyd etdi ki, muxtar respublikada bütün sahələrdə olduğu kimi, idman sahəsində də mühüm işlər görülür. Yaradılan şəraitdən səmərəli istifadə edən gənclər bütün idman növlərinə maraq göstərirlər. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində bu sahənin maddi-texniki bazası möhkəmləndirilib. Bunan səmərəli istifadə edən muxtar respublika idmançıları uğurlu nəticələr əldə etmişdilər.
Sonra Ordubad rayon Uşaq-Gənclər İdman Məktəbinin direktoru Elşən Əliyev və Şərur rayon Uşaq-Gənclər İdman Məktəbinin Ağır atletika dərnəyinin üzvü Gülcahan Əliyeva çıxış edərək əldə etdikləri uğurların muxtar respublikada idman sahəsində yaradılan şərait hesabına olduğunu bildirmiş, bundan sonrada yaradılan şəraitdən səmərəli istifadə edərək gələcəkdə daha yüksək nəticələr qazanacaqlarını bildirmişlər.
Tədbirdə ölkə və beynəlxalq səviyyəli idman yarışlarında fərqlənən şagirdlərə və onların müəllimlərinə diplom və hədiyyələr təqdim edilmişdir. Qeyd edək ki, 2019-cu ildə muxtar respublika məktəblilərindən 21 nəfəri I, 9 nəfəri II, 19 nəfəri III yer olmaqla 49 şagird ölkə və beynəlxalq səviyyəli yarışların qalibi olmuşdur.
Sonra tədbir iştirakçılarına Naxçıvan Dövlət Televiziyası tərəfindən hazırlanmış Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına həsr edilmiş sənədli film nümayiş etdirilmiş, Naxçıvan Dövlət Uşaq Teatrının vətənpərvərlik mövzusunda hazırladığı “Unutmamalıyıq” adlı səhnəciyə baxış olmuşdur. Sonda ölkə və beynəlxalq səviyyəli idman yarışlarında fərqlənən şagirdlərlə xatirə şəkili çəkilmişdir.