Məktəblilərimiz təhsil sahəsində qazandıqları uğurlarla yanaşı idman sahəsindəki uğurları ilə də fərqlənirlər. Şərur şəhər 1 nömrəli tam orta məktəbin X sinif şagirdi Əliyeva Gülcahan Malik qızının qazandığı uğurlar qürurvericidir.
Beynəlxalq aləmdə müxtəlif sahələrdə fərqlənən ölkəmiz, həm də idman sahəsində öz sözünü deyir. İdmanın bütün sahələrində isə ZƏRİF cinsin nümayəndələrinin uğurları görünməkdədir. Bu gün hətta ağırlıqqaldırma, boks kimi idman növləri ilə də məşğul olan qızlarımız var. Belə idmançılardan biri - 16 yaşlı Gülcahan Əliyeva ilə müsahibəmiz də elə məşq zamanı baş tutdu.
Etiraf edək ki, ağırlıqqaldırmada güclü cinsin nümayəndələrini görməyə adət etmişik. Lakin bu ağır, bir qədər də çətin idman növündə gücünü sınayan qadınlarımız az deyil. Gülcahan da belə qadınların davamçısı, güclü əzələləri olan zərif qəhrəmandır.
Xanım və ağırlıqqaldırma? Bir- birinə tamamilə əks olan iki məfhum. Niyə məhz ağırlıqqaldırma?
Uşaqlıqdan bu idman növünə həvəsim var idi. Ailədə məndən yaşca böyük olan bacım da idmanla məşğul olub. Lakin o davam etdirməyib. Həvəs, istək və sevgi heç bir sahədə əngəl tanımır. Artıq üç ilə yaxın bir müddətdir ki, ağır atletika ilə məşğulam . Xanım olaraq bu idman növünü ona görə seçdim ki, qadınların güc və iradəsini sübut edim və onların da kişilərdən seçilmədiyini göstərim. Ağır atletika qadınlar üçün heç də pis bir idman növü deyil, əksinə qadınların gücünü göstərməyin ən yaxşı yollarından biridir. (gülür)
İlk dəfə idman zalına gedəndə valideynlərinin etirazı ilə üzləşmədin ki?
Etiraf edim ki, ilk vaxtalar etirazla qarşılaşdım. Ancaq zamanla onların da razılığını aldım. İndi uğurlarımla qürurlanırlar. Əlbbətdə ki, hələ yolun başlanğıcındayam, düşünürəm ki qazanacağım qələbələr qarşıdadır.
Bəzən belə fikirlərlə rastlaşırıq ki, bəzi idman növləri qadınları kobudlaşdırır...
Fikirinizlə qismən razıyam, idmançı xanımın yerişində, duruşunda, hətta danışığında da bir fərqlilik hiss olunur. Elə bir idman növü yoxdur ki, bədən quruluşuna təsir etməsin. Ağırlıqqaldırma da həmçinin. Bu idman növü ilə məşğul olanların çiyinləri enli olur, lakin, çiyinlərin bir az enli olması heç kəsi kobud, çirkin göstərmir.(gülür) Bu həmin insanın idmanla məşğul olduğunu göstərir. İdmanla məşğul olanlara isə cəmiyyətdə həmişə rəğbət var. İdman bizi sağlam edir, istənilən çəkidə saxlayır. Boyum balaca olduğu üçün bu idman növü məni formada saxlayır. Qadın hansı peşə ilə məşğul olmasından asılı olmayaraq həmişə zərif və incədir.
Zədə almısanmı heç?
İdmanda zədə almaq normal haldır. Hər bir idmançının ala biləcəyi kimi o cümlədən mən də , beldən və dizdən zədə almışam, lakin idmandan uzaqlaşmamışam.
İdmançı həyatı şahmat lövhəsi kimidir. Burda ağ xanalarla yanaşı, qara xanalar da var. Heç bir idmançı uğura doğru irəliləyərkən bu “qara xana”lara toxunmadan keçə bilmir...
İdmançının uğuru da çoxdur, məğlubiyyətləri də… Məğlubiyyət olmadan uğur olmaz. Məhz bu məğlubiyyətlərdir bizi qələbəyə aparan 2018-ci ildə ölkə üzrə keçirilən zona yarışı üzrə məğlubiyyətim olub, həmin ilin iyul ayında keçirilən Azərbaycan birinciliyinin qalibi oldum. Bundan sonra uğurlarımın davamı gəldi...
Yarışlara hazırlıq necə gedir?
Hazırlıqlar yaxşı gedir. Məqsədim ağır atletika üzrə Avropa birinciliyini qazanmaqdır.
Uğura gedən yolda ən böyük dəstəkçin kimdir?
Ailənin rolu əvəzsizdi. İdmançının mübarizəsi təkcə meydanda yox, həm də ondan kənarda olur. Bu mübarizədə isə ona ailənin, yaxınların, müəllimlərin, dostların dəstəyi əsasdır. Mənim də bu cəhətdən bəxtim gətirib. Anamın və müəllimimin uğurlarımda əvəzsiz rolu var. İdmanla məşğul olmağa başlayandan, idmana böyük həvəsi olan anamın dəstəyini həmişə hiss etmişəm. Mənim üçün müəllimimin yarışlarda “sənə güvənirəm” sözləri həmişə ilham mənbəyi olub. Hər bir uğurumdan sonra isə ümidləri doğrultduğuma görə sevinirəm.
Orta məktəb şagirdisən arzuların, hədəflərin qarşıdadır. Eyni vaxtda həm dərsə, həm idmana vaxt ayırmaq çətin olmur?
Heç bir çətinliyi olmur. Dərsdən məşqə gedirəm, məşqdən sonra isə dərslərimlə məşğul oluram. Gələcəkdə ali təhsil alıb idman müəllimi olmaqdır arzum və istəyirəm ki, mənim kimi qadınlar cəmiyyətdə çox olsun.
İdmanın başqa hansı sahələrinə marağın var?
Qaydasız döyüşə, hazırda yeniyetmə və gənclərin ən çox maraq göstərdiyi bu idman növünə də marağım olub, amma, ağır atletikanı seçmişəm və nə yaxşı ki , seçmişəm
14. Gülcahanın sevdiyin məkan haradır?
(gülür) idman zalı...
Sənin üçün 5 mart Bədən tərbiyəsi və idman gününün mahiyyəti nədən ibarətdir?
Bu gün bizim günümüzdür. Gənclik, gözəllik və sağlamlıq bayramını qeyd edirik.
Mart ayının 3-də Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində ölkə və beynəlxalq səviyyəli idman yarışlarında fərqlənən şagirdlərin və onların məşqçi-müəllimlərinin mükafatlandırılma mərasimində iştirak edən Gülcahan bu gün həm də Naxçıvanda ilk dəfə keçirilən İdman festivalında öz bacarığını, gücünü nümaiş etdirdi. Naxçıvanda İdman festivalının keçirilməsi idmana göstərilən qayğının, idmanın inkişafının nəticəsidir.
Gülcahan hələ yolun başlanğıcında olsa da bu vaxtadək ümidləri doğrultmağı bacarıb. Lakin ondakı potensial, idmana olan maraq daha yüksək zirvələri fəth edəcəyinə zəmin yaradır.
Əzələ, güc göstəricisi dedikdə ağıla ilk gələn kişilər olur. Lakin Gülcahan kimi xanımlarımızı gördükcə atalarımızın müdrik bir deyimini bir daha yada salırıq: “ Aslanın erkəyi dişisi olmaz” .