Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyib: “Ekoloji məsələlərə diqqət, münasibət, eyni zamanda, ölkənin ümumi siyasətinin, ümumi mədəniyyətinin təzahürüdür... Təbiət, ətraf mühit daimi sərvətdir... Bizim vəzifəmiz ondan ibarətdir ki, bunu qoruyaq. Özümüz üçün, gələcək nəsillər üçün, ölkəmizin yaşaması üçün qoruyaq”.
Müasir dövrdə insanın təbiətlə qarşılıqlı əlaqəsi və ekoloji məsələlərə münasibəti cəmiyyətin inkişaf səviyyəsini göstərir. Muxtar respublikada bu amil diqqətdə saxlanır. Hər il yüz hektarlarla meyvə bağları və yaşıllıq zolaqları salınır, ətraf mühitə qayğı göstərilir. İməciliklər zamanı yeni ağacların əkilməsi, təmizlik və səliqə-səhman işlərinin görülməsi isə ekoloji tarazlıqla yanaşı, həm də insan sağlamlığının qorunması deməkdir. Çünki insan sağlamlığının ən mühüm şərtlərindən biri də yaşıllıqların sahəsinin genişləndirilməsidir. Görülən işlərin nəticəsidir ki, hazırda muxtar respublika ərazisinin 20 faizə yaxını yaşıllıqlardan ibarətdir.