Muxtar respublikanın sürətli sosial-iqtisadi inkişafı, yeni sənaye və xidmət sahələrinin yaradılması, həmin sahələrdə müasir informasiya texnologiyalarının tətbiqi təhsil sahəsində, xüsusən də dəqiq elmlər sahəsində dərin bilik verilməsinə tələbatı artırır. Bununla əlaqədar muxtar respublikamızda dəqiq elmlər sahəsi üzrə kadrların hazırlanması diqqətdə saxlanılmış, təhsilə göstərilən hərtərəfli qayğının daha bir nümunəsi olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 14 aprel 2015-ci il tarixli Sərəncamı ilə Şərur şəhərində Fizika-Riyaziyyat Təmayüllü Lisey yaradılmışdır. Yaradılan əlverişli tədris şəraitinin nəticəsidir ki, qəbulu müsabiqə yolu ilə aparılan liseydə təhsil almaq üçün hər keçən il müraciət edən şagirdlərin sayı artmaqdadır.