Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin şagirdlərinə Cəlil Məmmədquluzadənin Ev Muzeyində ekskursiya təşkil olunmuşdur. Naxçıvan Şəhər Təhsil Şöbəsi, Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə 30-a yaxın şagird iştirak etmişdir. Muzeyin elmi işçisi Kəmalə Allahverdiyeva şagirdlərə muzey haqqında geniş məlumat vermiş və bildirmişdir ki, ev muzeyi ümummilli lider Heydər Əliyevin 1998-ci il 19 iyun tarixli Sərəncamına əsasən yaradılmış, 1999-cu il oktyabrın 13-də muzeyin açılışı olmuşdur. Muzeydə böyük ədibin həyat və yaradıcılığına aid iki mindən artıq eksponat mühafizə olunur. Muzeydə nümayiş olunan Cəlil Məmmədquluzadənin əsərləri, “Molla Nəsrəddin” jurnalının müxtəlif illərə aid nüsxələri, ədibin müasirlərinə aid sənədlər və digər qiymətli eksponatlar şagirdlər tərəfindən maraqla izlənilmişdir.
Sonda şagirdləri maraqlandıran suallar muzeyin əməkdaşı tərəfindən cavablandırılmışdır.