Bu gün Kəngərli Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Akademik Zərifə Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbində “5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü” münasibətilə “Savadlı gələcəyin təminatçısı – müəllim...” adlı tədbir keçirilib.
Tədbirdə ümumtəhsil məktəblərinin direktorları və rayonun qabaqcıl müəllimləri iştirak edib.
Tədbiri giriş nitqi ilə açan Təhsil Şöbəsinin müdiri Emin Məmmədxanlı bildirib ki, ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, təhsil işçilərinə diqqət və qayğının artması ümummilli liderin təhsil sahəsində apardığı siyasətin məntiqi davamıdır. Vurğulayıb ki, Ali Məclis Sədrinin tapşırıqlarına uyğun olaraq, müəllimlər vətənpərvər, təhsilli gənclərin yetişdirilməsi, cəmiyyət üçün faydalı fərdlərin hazırlanması istiqamətində səylə çalışırlar. Bu gün hər bir müəllim elmi-nəzəri hazırlığı, pedaqoji ustalığı, metodik cəhətdən kamilliyi ilə yanaşı, vətənpərvərliyi ilə də seçilir, dövlətinə və xalqına sədaqətlə xidmət edir. O çıxışında qeyd edib ki, öz peşə bayramlarını qeyd edən rayon müəllimləri inanırıq ki, bundan sonra da şagirdlərin yüksək intellektual səviyyəyə malik, milli dəyərlərə hörmətlə yanaşan, bilikli, vətənpərvər gənclər kimi yetişməsi, xalqımız və dövlətimiz üçün yararlı vətəndaş olması istiqamətində yorulmadan çalışacaqlar.