İyulun 17-də Təhsil Nazirliyində beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasından irəli gələn vəzifələr, Təhsil Nazirliyinin fəaliyyətində yol verilən nöqsanlar və qarşıda duran vəzifələrlə bağlı kollegiya iclası keçirilmişdir.
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov kollegiya iclasında məruzə ilə çıxış edərək demişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində 200-dən çox məktəb binası tikilib istifadəyə verilmiş və ya əsaslı şəkildə yenidən qurulmuşdur. Bu işlər 2018-ci ildə də davam etdirilmişdir. 2018-ci ilin birinci yarısında Naxçıvan şəhər 6 nömrəli, Şərur rayon Ərəbyengicə, Culfa rayon Dizə kənd tam orta məktəbləri və Ordubad Rayon Təhsil Şöbəsi üçün binalar istifadəyə verilmiş, Naxçıvan şəhər 5 nömrəli, Şərur rayon İbadulla, Kosacan, Kərimbəyli, Babək rayon Aşağı Buzqov, Yuxarı Buzqov, Ordubad rayon Dəstə, Culfa rayon Qazançı kənd tam orta məktəbləri, eyni zamanda Ordubad Rayon Uşaq-Gənclər İdman Məktəbi, Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi və Texniki Yaradıcılıq Mərkəzi üçün binaların tikintisi davam etdirilmişdir.