Aprelin 7-də Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Təhsil Nazirliyi və Rəssamlar Birliyinin birgə təşkilatçılığı ilə “Məktəblilərin təsviri və dekorativ-tətbiqi sənət müsabiqəsi”nin yekun tədbiri keçirilib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov muxtar respublikada təhsilin inkişafı istiqamətində atılan addımlardan və dövlət qayğısından danışıb. Bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təhsilə göstərdiyi xüsusi diqqət və qayğısı sayəsində bu sahənin inkişafı daha da sürətlənir, muxtar respublikada yüksək elmi biliyə, müasir dövrün tələblərinə uyğun bacarığa malik gənc nəsil yetişir. Bu gün Naxçıvanda formalaşan gəncliyin öz istedad və bacarığını nümayiş etdirməsi, bilik və bacarığını daha da möhkəmləndirməsi üçün lazım olan bütün şərait yüksək səviyyədə təşkil edilib.