Fevralın 22-də muxtar respublika ümumtəhsil məktəbləri ilə Naxçıvan şəhərində yerləşən Cəlil Məmmədquluzadənin ev-muzeyi arasında “Görkəmli Azərbaycan ədibi” mövzusunda interaktiv dərs keçirilib.
Dərsdə qeyd olunub ki, dahi yazıçının Naxçıvan şəhərindəki ev-muzeyi ümummilli lider Heydər Əliyevin 1998-ci il 19 iyun tarixli Sərəncamına əsasən yaradılmışdır. Həmçinin Cəlil Məmmədquluzadənin vaxtilə müəllimlik etdiyi Nehrəmdə və Cəlilkənddə xatirə muzeyləri də istifadəyə verilmişdir. Bildirilib ki, çoxəsrlik tarixə malik olan Azərbaycan ədəbiyyatının inkişafında böyük Azərbaycan yazıçısı və dramaturqu Cəlil Məmmədquluzadənin mühüm xidmətləri olmuşdur. O, Azərbaycan ədəbiyyatının yeni mərhələyə yüksəlməsində müstəsna rol oynamış və bütöv bir ədəbi məktəb formalaşdırmışdır. Ana dilinin saflığı uğrunda daim mübarizə aparmış Cəlil Məmmədquluzadənin ərsəyə gətirdiyi qiymətli dram və nəsr əsərləri, parlaq publisistika dərin humanist məzmuna malik olub, özündə milli və ümumbəşəri dəyərlərin vəhdətini ehtiva edir.