Noyabrın 27-si Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin birgə təşkilatçılığı ilə Naxçıvan Dövlət Texniki Kollecində “Sabahın tədqiqatçıları” layihəsinin icrası ilə bağlı tədbir keçirilib.
Tədbirdə Təhsil naziri Rəhman Məmmədov təhsilə göstərilən dövlət qayğısından danışaraq qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində muxtar respublikada təhsil infrastrukturu yenilənmiş, müasir tipli yeni məktəb binaları inşa edilmiş, təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilmiş, təlim-tədris prosesi üçün yüksək tədris şəraiti yaradılmışdır. Ümumtəhsil məktəblərində müasir laboratoriyaların, elektron lövhəli siniflərin, kompüter otaqlarının və fənn kabinələrinin yaradılması, kitabxanaların dərslik və bədii ədəbiyyatlarla təmin edilməsi təhsilin inkişafına güclü təkan vermişdir.