Elm və Təhsil Nazirliyinin dəstəyi ilə 5-9 dekabr tarixlərində Bakı Ekspo Mərkəzində Beynəlxalq STEAM Azərbaycan Festivalı keçirilib. Beynəlxalq səviyyədə təşkil olunan SAF 2022-də müxtəlif kateqoriyalar üzrə Böyük Britaniya, İsveç, Türkiyə, Türkmənistan, Estoniya, Özbəkistan, Qazaxıstan və ölkəmizin müxtəlif regionlarından komandalar iştirak edib. 1300-ə yaxın iştirakçının qatıldığı festivalda 127 əcnəbi iştirak edib. Yarışlarda komanda fəaliyyətinin qiymətləndirilməsi məqsədilə Fransa, İsrail, Norveç, Çin və Türkiyədən mütəxəssislər dəvət edilib. 9 dekabr tarixinədək davam edən festival çərçivəsində müsabiqələr “VEX İQ”, və “VEX V5, “Robotiks”, “Lego”, “Axtarış və xilasetmə” (10-14, 15-18 yaş), “Hakaton” (ali məktəb), “Hakaton” (ümumtəhsil məktəbləri), “Xəyal dünyası” (ibtidai sinif), “Mexatronika”, “Təhsil dronları” adı ilə ümumilikdə 10 kateqoriya üzrə müəyyənləşdirilib, “İnnovativ layihələr sərgisi” təşkil olunub.
Fərqli yaş qrupları və sahələrini əhatə edən müsabiqələrdə 43 komanda I, 102 komanda II, 108 komanda isə III yerə layiq görülüb.
Naxçıvan Muxtar Respublikasından isə bu festivalda 8 şagird 4 komanda – Əlincə Qala, Naxçıvan, Qapıçıq, Mühəndislər komandası iştirak edib. Qapıçıq və Naxçıvan komandaları “Survivor”, Əlincə Qala komandası “Edu Drone” kateqoriyaları üzrə, Mühəndislər komandası isə “İnnovativ layihələr sərgisi”ndə mübarizə aparıb. Naxçıvan komandası “Survivor” kateqoriyasında ən yaxşı təqdimat nominasiyası üzrə II, Qapıçıq komandası ümumi qaydaları yerinə yetirdiyinə görə III yerə layiq görülüb. Mühəndislər komandası isə 200-ə yaxın komanda arasında ilk otuzluqda yüksək nəticə göstərmişdir. “SAF 2022” festivalını birinciliklə başa vuran Əlincə Qala komandası isə 2 mərhələdə təşkil olunan yarışın I mərhələsində maksimum bal olan 330, ikinci mərhələdə də eyni qaydada maksimum– 150 bal toplayaraq I yerə layiq görülüb.
Yekun nəticələrə əsasən Naxçıvan və Mühəndislər komandası qiymətli hədiyyələrlə mükafatlandırılmış, Qapıçıq komandası 2 bürünc, Əlincə Qala komandası isə 2 qızıl medala layiq görülmüşdür.
Qeyd edək ki, ötən il keçirilən festivalda iştirak edən Naxçıvan məktəbliləri “Lego Sumo” kateqoriyası üzrə III yerə layiq görülmüşdür. STEAM sahəsinə göstərilən diqqət və qayğı, bu sahədəki müəllimlərin mütəmadi olaraq kurslara göndərilməsi və şagirdlər arasında müsabiqələrin təşkili öz bəhrəsini vermiş, bir ildən sonra Beynəlxalq festivalda qalibiyyətlə nəticələnmişdir.