Dekabrın 27-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Rəssamlar Birliyinin təşkilatçılığı ilə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində məktəblilərin “Təsviri və dekorativ-tətbiqi sənət müsabiqəsi” keçirilib. Müsabiqə məktəblilərin maraq və bacarıqlarının, intellektual səviyyəsi və yaradıcı qabiliyyətlərinin aşkarlanması, müxtəlif məktəbdənkənar istiqamətlər üzrə aktiv yaradıcılıq fəaliyyətinə cəlb olunması ilə fərdi potensiallarının sistemli inkişafı, ümumtəhsil məktəblərinin müvafiq sahələr üzrə sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsi məqsədilə keçirilir.
Müsabiqədə Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini Heyran Əhmədova çıxış edərək bildirmişdir ki, Azərbaycanda dekorativ-tətbiqi sənət qədim tarixə malikdir. Muxtar respublikamızda da bu sənətin dulusçuluq, ağac və şüşə məmulatlar istehsalı, daş, ağac və kəc üzərində oyma, bədii metal işləmə, bədii parça və tikmələr, toxuculuq, xalçaçılıq, zərgərlik və digər sahələri inkişaf etməyə başlamışdır. Bədii yaradıcılığa meyilli olan istedadlı şagirdlərin, həvəskar gənclərin üzə çıxarılması, onlara metodiki tövsiyələrin verilməsi, axtarışlarının və fəaliyyətlərinin düzgün istiqamətləndirilməsi yönündə bir sıra tədbirlər həyata keçirilir. Təsviri və dekorativ-tətbiqi sənətin inkişafı sahəsində keçirilən sərgi və müsabiqələr bu sahələrin inkişafı baxımından mühüm rol oynayır. Heyran Əhmədova qeyd etmişdir ki, 3 mərhələdə keçirilən müsabiqənin I mərhələsi olan məktəbdaxili seçim 17-21 oktyabr tarixlərində baş tutub. Bu mərhələdə 187 məktəb üzrə 654 şagird 1383 rəsm və əl işi ilə, 21-30 noyabr tarixlərində keçirilən şəhər/rayon mərhələsində 134 məktəb üzrə 296 şagird 880 rəsm və əl işi ilə iştirak edib. Bu gün keçirilən muxtar respublika mərhələsində isə 120 şagirdin müxtəlif - rəsm, toxuma, tikmə, mis üzərində döymə, ağac üzərində yandırma, oyma və s. mövzularda 200-ə yaxın əl işi nümayiş olunur.