“Naxçıvan” Universitetində pedaqoji profilli ixtisaslarda təhsil alan tələbələrlə təcrübəqabağı konfrans keçirilib.
Universitetin rektoru, professor İsmayıl Əliyev çıxış edərək Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin hamiliyə verilmiş Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, informatika, xarici dil müəllimliyi və filologiya ixtisası üzrə III kurs, həmçinin riyaziyyat və informatika müəllimliyi ixtisasının IV kurs tələbələri ilə keçirilən təcrübəqabağı konfransın əhəmiyyətindən danışıb.
Konfransda Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov qeyd edib ki, “Naxçıvan” Universitetində yaradılan müasir təhsil və yüksək sosial məişət-şəraitinin nəticəsidir ki, ötən il məzunlardan 220-si ixtisas seçimi zamanı bu təhsil ocağını seçib. Həmin 220 abituriyentdən 104-ü pedaqoji profilli ixtisaslarda təhsil alır. Qeyd olunub ki, bu tədris ili ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən keçirilən müsabiqədə “Naxçıvan” Universitetinin 8 məzunu yüksək nəticə göstərərək işlə təmin olunub. Bununla yanaşı vakant vəzifələrə işə qəbul üçün keçirilən imtahanların nəticələrinə uyğun olaraq universitetin 1 məzunu ümumtəhsil məktəblərində psixoloq, 1 məzunu isə tərbiyəçi vəzifəsinə təyin olunub.