Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) və ali təhsil müəssisələrinə qəbul imtahanlarında tətbiq ediləcək yeni qaydalar və modellər haqqında Azərbaycan dili, riyaziyyat, ingilis, fransız və rus dili fənləri üzrə Naxçıvan şəhərində elmi-metodik seminarlar keçirilib.
Naxçıvan Dövlət Texniki Kollecində bununla bağlı keçirilən plenar iclası Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov açaraq bildirib ki, bu gün muxtar respublikamızda təhsil və ixtisaslı mütəxəssis hazırlığı dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Bunun nəticəsidir ki, təhsilin keyfiyyəti hər il yüksəlir, ali təhsil müəssisələrinə tələbə qəbulunun keyfiyyət göstəricilərində davamlı artım dinamikası müşahidə edilir.
Qeyd olunub ki, bu ildən etibarən təhsil pillələrinin bütün səviyyələrini əhatə edən yeni qiymətləndirmə mexanizmlərinin tətbiqinə başlanılıb. Cari tədris ilində XI sinfi bitirən şagirdlər yeni məzmun əsasında ümumi təhsili başa vuran ilk məzunlar olacaqlar. Bu səbəbdən də onların buraxılış imtahanlarının yeni formatda təşkili ilə bağlı yeni qaydalar hazırlanıb. Yeni imtahan modeli məktəbin və müəllimin həm məsuliyyətinin, həm də nüfuzunun artmasına, eyni zamanda şagirdlərin biliklərinin hərtərəfli qiymətləndirilməsinə əhəmiyyətli şəkildə təsir edəcəkdir.
Vurğulanıb ki, bu gün keçirilən elmi-metodik seminarlarda əsas məqsəd yeni qaydalar və modellər haqqında məlumat verməkdir.