AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün “Yer kürəsinin torpaq zonaları və mühitinin qorunması problemləri” mövzusunda “İnteraktiv açıq dərs” keçirilib.
Dərsi bölmənin Bioresurslar İnstitutunun Torpaq Ehtiyatları laboratoriyasının rəhbəri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Sahib Hacıyev aparıb. Alim məruzəsində Yer kürəsində, o cümlədən ölkəmizdə torpaqların coğrafi yayılması qanunauyğunluqları, münbitliyini azaldan deqradasiya prosesləri və onların aradan qaldırılması yollarından danışılıb.
Qeyd edib ki, müasir dövrdə ekoloji tarazlığı qorumaq, bitkilərdən yüksək və keyfiyyətli məhsul almaq üçün torpaqlardan maksimum dərəcədə səmərəli istifadə olunmalıdır.
Torpaq, torpaq qurşaqları, vilayətləri və zonaları, habelə torpaqların münbitliyini pozan proseslərə aid məlumatları şagirdlərin diqqətinə çatdıran alim bildirib ki, son dövrlərdə dünyada baş verən səhralaşma-torpaq deqradasiya prosesləri ölkəmizin, o cümlədən muxtar respublikanın torpaq mühitinə də öz təsirini kəskin göstərib.