Konfransı Naxçıvan Muxtar Respublikası təhsil naziri Rəhman Məmmədov açaraq bildirmişdir ki, konfransın keçirilməsində əsas məqsəd DİM-in fəaliyyəti ilə tanışlıq, 2019-cu ildə keçiriləcək qəbul və buraxılış imtahanlarının modelləri, Mərkəzin həyata keçirdiyi tələbə qəbulu, dövlət qulluğuna qəbul və digər kampaniyaların idarə olunmasında dövlət, ictimaiyyət nümayəndələrinin iştirakı haqqında məlumat verməkdir.
Konfransda Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurası sədrinin müavini Namiq Babayev çıxış edərək Dövlət İmtahan Mərkəzinin fəaliyyəti haqqında məlumat verib. Namiq Babayev qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli Fərmanı ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın bazasında Dövlət İmtahan Mərkəzi yaradılıb. Mərkəz biliyin qiymətləndirməsi üzrə 26 illik təcrübəyə malikdir.