Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhər Xatirə Muzeyində 13 yanvar 2022-ci il tarixdə Naxçıvan Qarnizonu tam orta məktəbin, 12, 13, 14 və 15 nömrəli tam orta məktəblər üzrə 15 şagirdin iştirakı ilə açıq dərs keçirilib.
Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbin tarix müəllimi Quliyeva Nailə tərfindən “20 Yanvar-Azərbaycan xalqının qəhrəmanlıq tarixi” mövzusunda keçirilən açıq dərsdə bildirilib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə xalqımızın tarixinə qanla yazılmış bir səhifədir. Bu səhifəni təkcə faciə adlandırmaq olmaz. Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizə tarixində 20 Yanvar faciəsinin özünəməxsus yeri vardır. Haqq-ədalət tələbi ilə ayağa qalxan, mərkəzi hakimiyyətin qərəzli siyasətinə, yerli rəhbərliyin yarıtmaz fəaliyyətinə qarşı öz etirazını bildirən xalqımız sovet ordusu tərəfindən görünməmiş qəddarlıqla cəzalandırılmış, dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış, itkin düşmüşdür. Bu ağır cinayət, əslində Azərbaycan xalqına qarşı kütləvi terror aktı idi.